BAYRAQDAR MEDİA – Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində ASAN könüllülərinin təqdimatında İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” tamaşası ingilis dilində səhnələşdirilib.
Bu barədə xəbəri Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yayıb.
Xəbərdə deyilir ki, “5 İyun – Milli Qurtuluş Gününə həsr olunan tamaşa “ASAN Könüllüləri” Təşkilatının “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı və Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilib”.
Tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və ASAN könüllüləri iştirak edib.
Vurğulanıb ki, “18 ASAN könüllüsünün hazırladığı səhnə işinin məqsədi sözügedən əsərin motivləri əsasında Qarabağımızın tarixinin, zəngin mədəniyyətinin, ənənələrinin təbliğidir. 600-dən çox tamaşaçının iştirakı ilə keçirilən tədbirin sonunda könüllülər təltif edilib və xatirə şəkli çəkdirilib”.
Qeyd edilib ki, ümumilikdə proqram çərçivəsində bu günədək 100-dən çox tamaşa və rəsm sərgisi, 500-dən çox ustad dərsi reallaşdırılıb.