BAYRAQDAR MEDİA – İyunun 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndələri ilə görüş keçirilib.
Qonaqlar öncə MEK ilə tanış olublar.
Ardınca Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondunda keçirilən görüşdə öncə MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov çıxış edərək rəhbəri olduğu Kitabxananın fəaliyyəti haqqında məlumat verib. Direktor çıxışında iki qardaş ölkə – Azərbaycan və Türkiyənin bir çox sahələrdə qarşılıqlı əlaqələrindən bəhs edib. O, Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələrin daha da genişləndiyini vurğulayıb. H.Hüseynov çıxışı zamanı Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK) ilə AMEA arasında əməkdaşlıq memorandumunu xatırladıb. Direktor həmçinin MEK-in elektronlaşmasındən bəhs edib və bu istiqamətdə TİKA, eləcə də TÜBİTAK ilə görüləcək işlərin, əlaqələrin önəmindən danışıb.
TİKA-nın Bakı nümayəndəliyinin koordinatoru Hayrettin Özçelik isə öz növbəsində Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərindən söz açıb. O, çıxışında TİKA-nın dəstək verdiyi layihələr haqqında danışaraq AMEA, həmçinin MEK ilə layihələrin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Görüş görüləcək işlər, icra ediləcək layihələrin müzakirəsi ilə davam edib.