Press "Enter" to skip to content

Sənət incilərində yaşayan Azərbaycan milli irsi. Sərgi

Tədbirdən görüntü

BAYRAQDAR MEDİA – 10-14 iyun tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Milli İncəsənət Muzeyindən (AMİM) daxil olub.

Xəbərdə bildirilir ki, “iyunun 12-də Özbəkistan Təsviri Sənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərginin açılış mərasimi keçirilib. Tədbirdə hər iki ölkənin mədəniyyət nazirləri – Adil Kərimli, Ozodbek Nazarbekov, tanınmış ictimai və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə Muzeyin direktoru Şirin Məlikova sərgidə təqdim olunan əsərlər haqqında qonaqlara ətraflı məlumat verib. Sərginin ana xəttini AMİM-nin kolleksiyasından XX əsr milli təsviri sənətin inkişafında böyük rol oynamış, görkəmli rəssam Əzim Əzimzadənin qrafik əsərlərinin nümayişi və bu rəsmlərdə əksini tapmış, öz dövrünün etnoqrafik xüsusiyyətlərini təcəssüm etdirən xalq sənətkarlığı nümunələrinin vizualizasiyası təşkil edir”.

Daha sonra xəbərdə, “rəssamın ekspozisiyada yer alan əsərlərində türk dünyasının ən qədim bayramı olan Novruzun adətləri, Ramazan bayramı və xalqın toy kimi zəngin ənənələrlə müşayiət edilən mərasimləri təcəssüm olunub. Sərgidə bu əsərlərdə əksini tapmış al-əlvan xalçalar, zərif bədii tikmələr, nəfis gözəlliyə malik geyimlər, məişətin ayrılmaz hissəsi olan misgərlik məmulatları kimi milli irs nümunələri təqdim edilir. Onlar XIX-XX əsrlərin qovşağında Azərbaycan xalqının həyat tərzi, dünyagörüşü, yüksək estetik zövqü və ümumilikdə çoxəsrlik mədəniyyəti haqqında dolğun təsəvvür formalaşdırır” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.