Son yeniləmə: 13 İyun 2024 10:37
BAYRAQDAR MEDİA – 14-19 iyun tarixlərində Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar Azərbaycanda fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu barədə xəbəri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) yayıb.
Xəbərdə deyilir ki, “ AYNA şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanuna uyğun qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib”.
Bildirilib ki, “Bakı Beynəlxalq Avtovağzal Kompleksində bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq. Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobus buraxılması təmin ediləcək”.
Vurğulanıb ki, “vətəndaşlar biletləri avtovağzalların gündəlik və əvvəlcədən satış kassalarından, həmçinin biletim.az portalından onlayn qaydada əldə edə bilərlər. biletim.az portalında 45 şəhər və rayona 68 istiqamət üzrə bilet almaq mümkündür”.