Nurlana İŞIQ
BAYRAQDAR MEDİA – Günümüzün şagirdləri məktəbə getmək istəyir, yoxsa repetitor yanına? Bu suala hər kəsin öz cavabı var. Mənsə müşahidələrimə əsasən deyirəm: heç birinə.
Uşaq ruhu hara getmək istəyirsə, ora gedir.
Bəs onların seçdiyi bu mücərrəd yolda kim bələdçilik etməlidir?
İnsanlar məktəb yaradıblar. Düşünürlər ki, məktəb doğru yolu göstərəcəkdir. Yenə sual yaranır: bu günün məktəbi doğru yolu göstərirmi?
Göstərirsə, necə?
Şagird fərdi müəllim yanına getmədən problemi çözməyi öyrənə bilirmi?
Bəs o, gələcəkdəki problemləri necə çözəcək?
Bütün bu suallara cavab axtarmaq lazımdır.
İbtidai sinif mövzularımız o qədər anlaşılmazdır ki, müəllimin özü anlaya bilmir, anlayıb da şagirdə açıqlaya bilmir. Və beləliklə bir çox mövzunun üstündən keçilir, ya da səthi yanaşılır. Nəticədə yuxarı siniflərə bünövrəsiz şagird ötürürük.
Hər kəs istəyir ki, övladı ən yaxşı şərtlər altında yetişsin. Bu, təbiidir, valideynin haqqıdır.
Hər kənddə, qəsəbədə şəhərdə uşaqlar keyfiyyətli təhsil almalıdırlar.
Bu haqqımıza çata bilirikmi?
Məncə, biz sualları gənclərə, yeniyetmələrə, uşaqlara verməliyik. Onların verdikləri cavablar bizim təhsil sisteminin nəticəsinin cavabı olacaqdır.
Amma onlara sual verən varmı?
Elə bir sistemdəyik ki, uşaqlar arasında həddindən artıq müqayisə vəziyyəti yaranıb. Bunu edən kurslar və liseylər bazara hesablanan fikirləri ucbatından uşaqlarda ruh düşkünlüyü yaradırlar.
Bizim ziyalı dediyimiz şəxslər fərdi, yaradıcı toplum üçün üzdə nəsə edirlər. Cəmiyyətin gələcəyi onları düşündürmür.
Ölkədən ümidini üzməyən uşaqlar üçün çalışmaq olmalıdır amalımız. Yeni və yaradıcı sistem ölkənin bütün məktəblərində qurulmalıdır. Yoxsa, gələcəyimiz elmlə gəlməyəcək.