BAYRAQDAR MEDİA – Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbində direktor vəzifəsini icra edən Raminə Ağayevanın təşəbbüsü ilə Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Xəbər BAYRAQDAR MEDİA-ya sözügedən məktəbdən daxil olub.
Bildirilir ki, “konsertdən öncə Xalq artisti, istedadlı bəstəkar, pedaqoq Süleyman Ələsgərovun yaradıcılığı haqqında dinləyicilərə məlumat verilib. Daha sonra şagirdlər Süleyman Ələsgərovun əsərlərini böyük məharətlə ifa ediblər”.
O da qeyd olunur ki, “unudulmaz bəstəkar Süleyman Ələsgərovun musiqisi yüksək professionallığı, kamil forması, gözəl melodiyası, rəngarəng ritm çalarları ilə fərqlənir. Bu musiqi irsi həmişə yaşayacaq, dinləyicilərin zövqünü oxşayaraq konsert repertuarlarını həmişə zənginləşdirəcək və musiqi təhsil ocaqlarında tədris olunacaq”.
Konsertin sonunda məktəbin xoru solo ifaçılar ilə birlikdə “Azərbaycan” əsərini ifa edərək dinləyicilərin könlünü oxşayıb.
Əlavə edək ki, mərhum sənətkar Süleyman Ələsgərov 22 fevral 1924-cü ildə Şuşada anadan olub. Zəngin yaradıcılığı ilə Azərbaycan musiqisinə əvəzsiz töhfələr verən Ustad 21 yanvar 2000-ci ildə Bakıda dünyasını dəyişib.