Son yeniləmə: 12 İyun 2024 10:09
COP29-un Azərbaycanda keçirilməsi Orta Dəhlizin də yaşıl inkişafına təkan verəcək
BAYRAQDAR MEDİA – “COP29-un Azərbaycanda keçirilməsi Orta Dəhlizin də yaşıl inkişafına təkan verəcək”.
Bu fikir Xəzər Siyasət Mərkəzi tərəfindən Londonda təşkil edilmiş “Orta Dəhlizdən maksimum faydalanmağa həsr olunmuş konfransda səslənib.
Azərbaycnaın Britaniyadakə səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, region ölkələrinin Britaniyadakı səfirləri, Londondakı diplomatik korpus, akademik dairələr, iqtisadi və iqlim mütəxəssisləri və media nümayəndələrinin iştirak etdiyi tədbirdə Orta Dəhliz ilə bağlı prioritetlər, COP29 kontekstindədayanıqlılıq və yaşıl inkişafın təmin edilməsinə dair baxışlar, eləcə də bu xüsusda region ölkələri arasında və digər dövlətlərlə əməkdaşlığın əhəmiyyəti kimi məsələlər müzakirə edilib.
Məlumata görə, açılış sessiyasında Xəzər Siyasət Mərkəzinin baş icracı direktoru Əfqan Nifti, Britaniya üzrə müşaviri, sabiq Britaniyalı diplomat David Moran və Mərkəzin Məşvərətçi Şurasının üzvü, sabiq Britaniyalı diplomat James Sharp çıxış edərək Orta Dəhlizin yaratdığı iqtisadi, ticarət və əməkdaşlıq imkanlarından söz açıblar: “Konfransın ilk səfirlər panelində Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkiyənin Britaniydakı səfirləri iştirak edib. Gürcüstanın səfiri Sofio Katsavara ölkəsinin Orta Dəhliz kimi effektiv infrastruktur layihələrinə ölkəsinin dəstəyini ifadə edib, Azərbaycanla Gürcüstan arasında əlaqələndirmənin nümunəvi olduğunu deyib. O, həmçinin Orta Dəhlizin inkişafı üçün regionda sülh və stabilliyin əhəmiyyətinə toxunub”.
Məlumatda deyilir ki, daha sonra çıxış edən Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov Orta Dəhlizin multimodal nəqiyyat dəhlizi kimi əhəmiyyətindən bəsh edib: “O, layihənin ərsəyə gəlməsində vaxtilə Türkiyənin dəstəyi ilə Azərbaycan və Gürcüstan arasında nümunəvi əməkdaşlığın böyük rolunun olduğunu söyləyib. Azərbaycanın Orta Dəhlizin inkişafına öz töhfəsini davamlı olaraq verdiyini diqqətə çatdıran səfir Süleymanov yükdaşıma qabiliyyətlərinin artırılması istiqamətində atılan addımlardan bəhs edib. Azərbaycanın COP29-a ev sahibliyi etməsi kontekstində E.Süleymanov Orta Dəhlizin yaşıl dəhliz kimi inkişafının vacibliyini vurğulayıb, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının BMT-nin Dəniz Təşkilatı tərəfindən yaşıl liman sertifikatı almasına diqqət çəkib”.
Məlumata əsasən, Azərbaycan səfiri qeyd edib ki, regionun stabil gələcəyi naminə Orta Dəhliz boyu yerləşən ölkələr arasında davamlı dialoqun təşviq edilməsi və bölücü addımlardan qaçınılması vacibdir: “Ermənistan və Azərbaycan arasında davam edən sülh prosesinə də toxunan səfir qeyd edib ki, iki ölkə arasında birbaşa dialoq olduqca effektivdir və konkret nəticələri göz qabağındadır. O Azərbaycanın COP29-a ev sahibliyi etməsi barədə qərarın da məhz iki ölkə arasında birbaşa danışıqların nəticəsi kimi qəbul edildiyini bildirib.
Orta Dəhliz boyu yerləşən ölkələrin əksəriyyətinin Türkdilli Ölkələr Təşkilatının üzvləri olduğunu vurğulayan səfir Süleymanov onu da nəzərə çatdırıb ki, Azərbaycan üçün bu ölkələr təkçə yaxın tərəfdaş deyil, həm də yaxın dost və qardaş ölkələrdir”.
Məlumatda daha sonra deyilir: “Qazaxıstan səfiri Maghzan İlyasov ölkəsinin COP29 prioritetlərindən danışarkən su resurslarının azalması, eləcə də Xəzər dənizinin suyunun azalması kimi məsələlərin region üçün əhəmiyyətini vurğulayib. Türkiyənin səfiri Osman Koray Ertaş Orta Dəhlizə Dünya Bankı, AYİB, Avropa İttifaqı və sairə kimi beynəlxalq tərəflərin dəstək verməsini təqdirə layiq hal kimi vurğulayıb. O qeyd edib ki, sülh prosesi çərçivəsində Ermənistanla Azərbaycan arasında, eləcə də Ermənistanla Türkiyə arasında müsbət inkişaflar Orta Dəhlizin açdığı imkanları daha da artırır. Türkiyə səfiri COP29-un uğurla keçirilməsi istiqamətində ölkəsinin Azərbaycana dəstək verməyə hazır olduğunu əlavə edib. Konfransın ikinci səfirlər panelində çıxış edən Ermənistanın Britaniyadakı səfiri Varujan Nersesyan ölkəsinin regionda konnektivlik layihələrinə həsr olunmuş müzakirələrdə maraqlı olduğunu söyləyib. Eyni paneldə çıxış edən Qırğızıstan səfiri Orta Dəhliz boyu yerləşən ölkələr arasında əməkdaşlığın önəminə diqqət çəkib.
Konfransın ekspert panellərində Avropa Yenidənqurma və İnkişaf Bankı, Dünya Bankı, The City of London Korporasiyası, Britaniya-Azərbaycan Ticarət Palatası, BP, Londonda yerləşən İxrac və Beynəlxalq Ticarət İnstitutu, Vaşinqtonda yerləşən Yaxın Şərq və Cənubi Asiya üzrə Strateji Araşdırmalar Mərkəzinin nümayəndələri çıxış edərək Xəzər hövzəsi regionunda Orta Dəhlizin inkişafı və ümumilikdə Orta Dəhlizin potensialının tam şəkildə istifadəsi üçün daha hansı addımların atılmasının faydalı olacağı, əlavə tərəfdaşlarla əlaqələndirmənin necə təmin oluna biləcəyi barədə tövsiyələrini bölüşüblər. Çıxış edənlər Azərbaycanı COP29-a ev sahibliyi edəcəyi münasibəti ilə təbrik edib, Azərbaycanın vacib beynəlxalq təşəbbüslərlə bağlı məsuliyyəti bölüşməsinin və beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin təqdirəlayiq olduğunu vurğulayıb. 2012-2015-ci illərdə Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi olmuş Charles Hendry Orta Dəhliz boyu infrastrukturun əhəmiyyətindən danışarkən bildirib ki, Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanı dünyanın ən qabaqcıl və effektiv hava limanıdır. BP şirkətinin beynəlxalq məsələlər üzrə müşaviri Michael Denison qeyd edib ki, Azərbaycanın götürdüyü bütün beynəlxalq öhdəliklərə onilliklər boyu sadiq olması onu etibarlı və digər dövlətlər üçün nümunəvi tərəfdaşa çevirib.
Britaniya-Azərbaycan Ticarət Palatasının sədri John Patterson isə Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu və mütərəqqi inkişaf yolu keçdiyini deyib, Bakının dünyanın ən gözəl və proqressiv şəhərlərindən biri olduğunu əlavə edib”.