BAYRAQDAR MEDİA – Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) tərəfindən Bangkok şəhərində keçirilən Qlobal Davamlı İnkişaf Konqresi çərçivəsində “THE Impact 2024” reytinqinin nəticələri elan edilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildrilir ki, “sözügedən reytinqə daxil olan Azərbaycan universitetlərinin sayı ötən ilə nisbətən 2 dəfədən çox artaraq 18-ə yüksəlib. 125 ölkədən 2 min 152 universitetin dəyərləndirildiyi reytinqdə Azərbaycan universitetləri arasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Tibb Universiteti (ATU), Xəzər Universiteti (XU) və Qərbi Kaspi Universiteti (QKU) əhəmiyyətli nəticələr əldə edib. Universitetlərin fəaliyyətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq qiymətləndirildiyi “THE Impact 2024” reytinqinin nəticələrinə əsasən, “Yoxsulluğa qarşı mübarizə” üzrə BDU (201-300), “Keyfiyyətli təhsil” üzrə ADA Universiteti (201-300), “Gender bərabərliyi” üzrə Qərbi Kaspi Universiteti (201-300), “Sərfəli və təmiz enerji” üzrə ADİU (101-200) və XU (101-200) Azərbaycanda birinci sıradadır”.
Qeyd edək ki, hazırda konqres çərçivəsində ETN-nin dəstəyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) təşkilatçılığı ilə 10 qabaqcıl yerli universitet Azərbaycan pavilyonunda təmsil olunur.