Son yeniləmə: 11 İyun 2024 14:22
BAYRAQDAR MEDİA – Bədən tərbiyəsi və idman”, “Teatr, kino və xoreoqrafiya”, “Təsviri sənət” və “Musiqi sənəti” istiqamətlərinə aid xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanlarına iyunun 20-dən etibarən başlanacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzinin məlumatında qeyd edilib.
Bildirilib ki, “abituriyentlər aşağıdakı cədvəldə verilmiş təqvimə uyğun imtahanda iştirak etmək üçün müvafiq olaraq hər imtahandan 5 gün öncədən “İmtahana buraxılış vərəqəsi”ni qeydiyyatdan keçdikləri səhifədən çap etməlidirlər. Hazırda abituriyentlər Təsviri sənət istiqamətinin 14 (dizayn) və 15-ci (dekorativ tətbiqi sənət) komissiyaları, Bədən tərbiyəsi və idman istiqamətinin 62 (Ümumi fiziki hazırlıq, Kütləvi sağlamlaşdırıcı idman, Adaptiv bədən tərbiyəsi) və 63-cü (Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi) komissiyaları üzrə imtahana buraxılış vərəqəsini çap edə bilərlər”.
Məlumata görə, abituriyentlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər: “Bədən tərbiyəsi və idman istiqaməti üzrə qabiliyyət imtahanlarında iştirak edən abituriyentlər imtahana buraxılış vərəqəsindən əlavə sağlamlıq arayışı (forma 86U) da təqdim etməlidirlər. “Xoreoqrafiya sənəti” ixtisası üzrə imtahana gələrkən abituriyentlər çəkisi, boyu, onurğa sütunu, ürəyi, görmə qabiliyyəti haqqında tibbi arayış gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, iştirakçı imtahana buraxılmayacaq. Abituriyentlər istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdır. Qəbul proqramları “Abituriyent” jurnalının xüsusi buraxılışlarında verilib”.