Press "Enter" to skip to content

Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri başlanır

Üzlər güləcək

BAYRAQDAR MEDİA – 10-14 iyun tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günləri iki qardaş ölkə arasında mədəni əlaqələrin inkişafında yeni səhifədir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “mədəniyyət xalqlar arasında etibarlı körpü hesab edilir. Qədim adət-ənənələr, tarixi-mədəni irs və incəsənətin müxtəlif sahələri həmişə insanların maraq dairəsində olub. Azərbaycan ilə özbək xalqları arasında əlaqələrin qədim və zəngin tarixi var. Ümumtürk kimliyi, ortaq mədəni dəyərlər, əsrlərdir davam edən ədəbiyyat və sənət mübadiləsi xalqlarımızı bir-birinə daha da yaxınlaşdırıb. Bu gün iki ölkə arasında siyasi münasibətlər dövlət başçılarımızın müdrik siyasəti və şəxsi dostluqları sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Ali səviyyəli qarşılıqlı səfərlər, beynəlxalq layihələrdə iştirak, bədii kollektivlərin qastrolları dərin mədəni əməkdaşlığın göstəricisidir. Zəngin proqramı olan tədbir Azərbaycan mədəniyyət və incəsənətinin qardaş ölkədə növbəti təntənəsi olacaq. Bu münasibətlə Azərbaycanın incəsənət ustaları, bədii kollektivləri, yazarlar, media nümayəndələri Daşkəndə səfər ediblər. Mədəniyyət günlərinin proqramına uyğun olaraq, iyunun 11-də saat 10:30-da Özbəkistan Yazıçılar İttifaqında “Məhəmməd Füzuli və Əlişir Nəvai: ortaq ədəbi-mənəvi dəyərlərimiz” mövzusunda konfrans keçiriləcək. Həmin gün saat 16:00-da Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında Azərbaycan guşəsinin açılışı olacaq. Saat 18:30-da “Özbəkistan” Forumlar Sarayında Azərbaycan şirniyyatlarının təqdimatı, saat 19:00-da isə həmin məkanda Azərbaycan incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə qala konsert keçiriləcək”.

Sonra xəbərdə, “Mədəniyyət günləri iyunun 12-də də maraqlı tədbirlərlə yadda qalacaq. Saat 12:00-da Özbəkistan Təsviri İncəsənət Qalereyasında “Sənət incilərində yaşayan Azərbaycan milli irsi” adlı sərgi təşkil olunacaq. Saat 15:00-da Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət Yuğ Teatrının “Mənəm, mən” tamaşası nümayiş etdiriləcək. Həmin gün özbək sənətsevərlər dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının tamaşasını izləyəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı (ADAOBT) bu dünya şöhrətli əsəri saat 19:00-da Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək” deyə qeyd olunur.

Xəbərdə həmçinin bildirilir ki, “iyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabının təqdimatı keçiriləcək. Azərbaycan Mədəniyyəti Günlərinin tədbir və təqdimatları ədəbi-mədəni zənginliklərimizə həmişə maraq göstərən qardaş özbək xalqının yaddaşında bu dəfə də silinməz iz qoyacaq”.

Qeyd edək ki, Azərbaycanda Özbəkistanda mədəniyyət günləri sonuncu dəfə 2022-ci ildə gerçəkləşib. Dost ölkə isə 2023-cü ildə Bakıda mədəni-mənəvi zənginliklərini nümayiş etdirib.

Mission News Theme by Compete Themes.