Son yeniləmə: 11 İyun 2024 08:58
Zorlu Töre: Bu gün bu gəncləri, hər addımda türklüyə xidmət edən Bakı Atatürk Liseyini görəndə deyirəm ki, Turan Yazgan hocanın zəhməti hədər getməyib
BAYRAQDAR MEDİA – Hər il olduğu kimi bu il də Türk Dünyası Bakı Atatürk Liseyinin məzuniyyət mərasimi xüsusi məqamlarla, maraqlı çıxışlarla yadda qalıb. Şəhriyar adına Mədəniyyət Mərkəzində keçirilən mərasimi yaddaqalan edən əsas məqamlardan biri isə Kuzey Kıbrıs Türk Cümhuriyyəti (KKTC) Cümhuriyyət Məclisinin sədri Zorlu Törenin də məzunları təbrik etməsi olub.
Liseydən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, tədbirdə Zorlu Töre ilə yanaşı KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Milli Məclisin deputatları Jalə Əliyeva və Sadiq Qurbanov, Türk Dünyası Araşdırmaları Vəqfinin (TDAV) başqanı professor Közhan Yazgan, Bakı Atatürk Liseyinin müəllim və şagird heyəti, liseydə təhsil alan şagirdlərin valideynləri iştirak ediblər.
Mərasim Ulu Öndər Heydər Əliyev və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kemal Atatürkün xatirəsinin anılması və Azərbaycanla Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Eylem Gültekin: Öz hədəflərinizə çatmaq üçün daim mübariz olmalısınız
Sonra söz çıxışlara verilib. Öncə çıxış edən Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin Turan Yazgan əmanəti olan belə bir təhsil ocağına rəhbərlik etməkdən qürur duyduğunu söyləyib.
Lisey müdiri deyib ki, təhsil müəissəsinin bütün müəllim heyəti gələcəyimizə töhfə verəcək nəsillərin yetişdirilməsi üçün çalışır və buna görə qürur hissi keçirirlər.
Məzunlara uğurlar arzulayan Eylem Gültekin “öz hədəflərinizə çatmaq üçün daim mübariz olmalısınız” deyib.
Közhan Yazgan: Həyatda qazanacağınız uğur həm də türk dünyası üçün önəmli olacaq
Məlumatda deyilir ki, məzunları təbrik edən TDAV başqanı Közhan Yazgan əmin olduğunu bildirib ki, bu günkü məzunlar gələcəyin savadlı kadrları olaraq iki qardaş ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etməsinə öz töhfələrini verəcəklər.
“Beləliklə onlar da Turan Yazgan yolunu davam etdirmiş olacaqlar. Sizlərin hər birinizin həyatda qazanacağınız uğur həm də türk dünyası üçün önəmli olacaq. Çünki sizlərin üzərinə düşən ən mühüm vəzifələrdən biri türk dünyasının daha da güclü olmasına xidmət etməkdir” deyə o qeyd edib.
Jalə Əliyeva: Türk dünyasının daha da güclü olması isə hər birimizdən, o cümlədən bu məzunlardan da aslıdır
Məzunları təbrik edən millət vəkili Jalə Əliyeva da türk dünyasının hazırda yüksəliş dövrünü yaşadığını bildirib.
Millət vəkili deyib ki, türk dünyasının daha da güclü olması isə hər birimizdən, o cümlədən bu məzunlardan da aslıdır.
O, gəncləri daim öyrənməyə, özlərini inkişaf etirməyə səsləyib.
Türk birliyi dünyaya sülh və əmin-amanlıq gətirəcək
KKTC Cümhuriyyət Məclisinin sədri Zorlu Töre isə çıxışına gənclərə müraciətlə başlayıb. Yer üzündəki bütün münaqişə və müharibələrin imperialist güclər tərəfindən başladığını deyən Z.Töre gəncləri daha bilikli, daha cəsur olmağa, türk dünyasının daha güclü olması üçün var gücləri ilə çalışmağa səsləyib. Çıxışında Kıbrıs türk xalqının kökünün Qafqaz, Orta Asiya və Anadoluya gedib çıxdığını bildirən Z.Töre, türk dünyasının daha da möhkəmlənəcəyini və bir-birini daha sıx qucaqlayacağını qeyd edib.
Mustafa Kemal Atatürkün sözlərindən sitat gətirən Zorlu Töre türk uşaqlarının əcdadlarını tanıdıqca daha böyük işlər görəcəyini bildirib: “Türk birliyindən qorxmasınlar. Çünki türk birliyi dünyaya sülh və əmin-amanlıq gətirəcək. Bunun üçün isə siz gənclər bu gün göy üzündə dalğalanan bayrağa sahib çıxacaq, onu irəliyə aparacaqsınız. Türk olmaq qürurludur. Mən hər yerdə deyirəm ki, adından da göründüyü kimi, mən millətimin, türk millətinin parlamentinin üzvüyəm”.
Z.Töre sonda “Mən bir daha Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu, həm də mənim müəllimim olan Prof.Dr. Turan Yazganı hörmət və rəhmətlə yad edirəm. Bu gün bu gəncləri, hər addımda türklüyə xidmət edən Bakı Atatürk Liseyini görəndə deyirəm ki, Turan Yazgan hocanın zəhməti hədər getməyib. Onun əkdiyi toxumlar bar verib”.
Sonra mərasimdə bu ilin məzunları olan şagirdlər musiqili kompozisiyalar ilə çıxış ediblər.
Məzunların rəqsləri, onların ifasında türklüyə, vətənpərvərliyə, Türkiyə-Azərbaycan qardaşlığına, türk dünyasının birlik və bərabərliyinə həsr edilmiş şeirlərin və mahnıların səsləndirilməsi ilə müşayiət olunan tədbir maraqlı anlarla yadda qalıb.