BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) yer alan kitablar sırasında filologiya elmləri doktoru, Prof. Seyfəddin Rzasoyun müəllif olduğu “Nizaminin “Yeddi gözəl” poemasında mif, folklor və təsəvvüf” monoqrafiyası da var.
Nəşrdə şüurun inkişaf mərhələləri (mifoloji və tarixi şüur modelləri), “Yeddi gözəl” poemasının əsas süjetinin folklor-mifoloji semantikası, makrokosmun (“böyük dünya”) mifopoetik strukturu və funksional semantikası, poemadakı haşiyə nağıl süjetlərində sufi dünya modellərinin təriqət praktikasının və mifoloji arxetiplərin təcəssümü, mikrokosmun (“kiçik dünya”//insan) mənəvi təkamül prosesinin semiotik strukturu, irfani-psixoloji və təsəvvüfi-poetik semantikası kimi məsələlər öyrənilib.
Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanov, rəyçiləri isə Prof. Tahir Məhərrəmov, Prof. Şirindil Alışanlı, Dos. Sərxan Xavəridir.