Press "Enter" to skip to content

Azərbaycan dilinin tədrisi ilə bağlı həyəcan təbili

Könül Aydın təqdimat edərkən

BAYRAQDAR MEDİA – İyunun 9-da bir qrup ziyalı Azərbaycan dili fənninin tədrisi problemləri ilə bağlı dəyirmi masa ətrafında görüşüb.

Görüş uyğun ixtisaslı pedaqoq – filologiya üzrə fəlsəfə doktoru Könül Aydının təşəbbüsü ilə təşkil edilib.

Təşkilatçının BAYRAQDAR MEDİA-ya verdiyi xəbərə görə, görüşün məqsədi ümumi təhsil səviyyəsində Azərbaycan dili dərsliklərində elmi və milli məsələlərlə bağlı problemlərə işıq salmaq olub.

Xəbərdə deyilir ki, “Könül Aydın Azərbaycan dili dərsliklərində mətnlərin yazılması və seçilməsində yol verilmiş səhvlərə diqqət çəkmək üçün milli məsələlərdə sayıqsızlıq, həmçinin elmi-nəzəri yanlışlar haqqında danışıb, təqdimat zamanı nümunələr nümayiş etdirməklə iştirakçıları əyani şəkildə məlumatlandırıb”.

Daha sonra qeyd edilir ki, “dəyirmi masada Azərbaycan Respublikasının Əməkdar jurnalisti, hüquq müdafiəçisi Azər Həsrət, Bakı Slavyan Universitetinin dosenti – f.ü.f.d Səməngül Qafarova, uşaq yazarı, Azərbaycan dili müəllimi Nurlana İşıq, APA TV-nin redaktoru Aidə Ramizqızı, Azərbaycan dili müəllimləri Zamin Təhməzov, Azadə Quliyeva, Tağı Tağıyev, Humay İsmayılova, informatika fənni üzrə mütəxəssis Tural Aşırlı iştirak edib. İştirakçılar müzakirə olunan məsələ ilə bağlı çıxış edərək münasibət bildirib, nümayiş etdirilən nümunələrdəki səhvləri yolverilməz hesab ediblər”.

“Görüşün nəticəsi olaraq qaldırılmış problemlərin davamlı və aidiyyəti qurumlarla birgə baxılması üçün tədbirlər planının hazırlanması qərara alınıb”, – deyə xəbərdə bildirilir.

Tədbir sonrası xatirə şəkli
Tədbir sonrası xatirə şəkli
Mission News Theme by Compete Themes.