Press "Enter" to skip to content

Atılan addımlar bütün türk dövlətləri tərəfindən müsbət qarşılanır

Vüqar İskəndərov

Vüqar İskəndərov: Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlər prioritet yer tutur

BAYRAQDAR MEDİA – “Türk dünyasının birləşməsi istiqamətində atılan addımlar onu deməyə əsas verir ki, bu yolda dövlətimiz çox böyük səylər göstərir. Son illərə nəzər yetirsək görərik ki, Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə münasibətlər prioritet yer tutur. Artıq bu bir həqiqətdir ki, türk dünyasının güclənməsində Azərbaycan öz mövqeyini ortaya qoymuşdur və bu istiqamətdə atılan addımlar bütün türk dövlətləri tərəfindən də müsbət qarşılanır”.

Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

“Bütün türk xalqları bilməlidir ki, onların bir ailəsi var, o da türk dünyasıdır” deyən V.İskəndərov daha sonra bildirib: “Vaxtilə imperialist dövlətlər türk dünyasını parçalamaq yolunda addımlar atsa da bu gün Azərbaycan kimi dövlətlər bu dünyanın bir hissəsi olan türk xalqlarının birləşməsində maraqlıdır. “Bizim ailəmiz türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə büruzə verir. Çünki son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirib”.

Deputat qeyd edib ki, türk dövlətləri artıq müxtəlif birgə layihələr keçirirlər: “Bunlar qlobal səviyyədə özünü göstərir. Bildiyiniz kimi Azərbaycanın təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Ancaq cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etmir. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda, hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur”.

Deputatın sözlərinə görə, türk dövlətlərinin birlik içində fəaliyyətinin ən əsas istiqamətlərindən bir məhz nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsindən ibarətdir: “Bu həm də türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Bu xüsusda Orta Dəhlizin də böyük əhəmiyyəti var. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. İndiki zamanda Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Bu isə onu deməyə əsas verir ki, türk dövlətlərinin bu dəhlizə marağının artması yalnız iqtisadi cəhətdən xeyir verməyəcək, həmçinin də xalq və dövlət olaraq da onların birlik içində fəaliyyətinə töhvə olacaq”.

Mission News Theme by Compete Themes.