Son yeniləmə: 10 İyun 2024 08:55
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birlikdə qarayara xəstəliyi ilə bağlı məlumat paylaşıblar.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə bildirilir ki, “Zaqatala rayonu Faldarlı kəndinin 3 sakini 7 iyun 2024-cü il tarixində qarayara diaqnozu şübhəsi ilə Bakı şəhəri Kliniki Tibbi Mərkəzinə hospitalizasiya olunublar. Xəstələrdən birində qarayara diaqnozu təsdiqlənib, tibbi protokola uyğun olaraq müalicəsi davam etdirilir. Digər iki şəxsdən isə qarayara şübhəsi ilə laborator müayinə üçün nümunələr götürülüb və onlar Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib”.
Daha sonra xəbərdə qeyd olunur ki, “artıq ərazi üzrə Gigiyena və Epidemiologiya Mərkəzi, Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi, Zaqatala Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi, Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Faldarlı kəndində müvafiq tədbirlər görülüb və bu xəstəliyin ocağı lokallaşdırılıb. Məlumat üçün bildiririk ki, qarayara xəstəliyi zoonoz infeksiyadır və insandan insana ötürülmür”.