BAYRAQDAR MEDİA – Tehranın Evin zindanında saxlanılan fəhlə hərəkatı fəalı, Güney Azərbaycan əyalətinin Şəbüstər şəhərindən olan Rza Şəhabi şiddətli ağrılar səbəbi ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə xəbəri “Güney AzFront” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “Tehran Avtobus Şirkətinin Fəhlə Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü Rza Şəhabi fiziki vəziyyətinin pisləşməsi və bel diskinin çıxıntısı səbəbindən Xomeyni xəstəxanasına köçürülüb. Mütəxəssis həkim müayinədən sonra kürək nahiyəsində şiddətli ağrıların və ayaq barmaqlarının uyuşmasının səbəbinin onurğa kanalının daralması və 3, 4, 5-ci disklərinin çıxıntısı ilə bağlı olduğunu irəli sürüb. Həkimin göstərişinə əsasən müalicə ən qısa zamanda aparılmalıdır”.
Məlumata görə, hazırda fəalın fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarətin olmasına səbəb kimi təhlükəsizlik məmurları tərəfindən döyülməsi göstərilir.
Xatırladaq ki, Rza Şəhabi 2022-ci il mayın 12-də “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “ölkənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.