Yaxud çay bəhanə, ortam şəhanə
BAYRAQDAR MEDİA – Bu gün dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı ötən hər gün daha da güclənir və dərinləşir. Elə türk dünyasının müasir şahlanışının, Türk Dövlətləri Təşkilatının yeni qlobal güc kimi ortaya çıxmaq istiqamətində atılan addımların mərkəzində də məhz Türkiyə-Azərbaycan qardaşlığı dayanır. Lakin bu da danılmaz bir həqiqətdir ki, bu birliyimiz, qardaşlığımız düşmənlərimizi ciddi surətdə narahat edir. Elə ona görə də qardaşlığımız pozmaq üçün çeşidli təxribatlar törədilir. Həmin təxribatlara qarşı daha dik dayanmağımızın bir yolu isə məhz medianın fəal olmasından keçir.
Artıq sözdən işə keçilir
Çünki media təkcə hər hansı proses barədə məlumat verməklə işini bitmiş hesab etmir, həm də dövlət siyasətini, türk dünyası naminə atılan addımları oxuculara ətraflı şəkildə çatdırır. Təbii ki, bu məqamda söhbət real olaraq türk dünyasına, Türkiyə-Azərbaycan qardaşlığına xidmət edən, bu istiqamətdə fəaliyyət sərgiləyən mediadan gedir.
Bəlli olduğu kimi istər Azərbaycanda, istərsə də Türkiyədə zaman-zaman fəaliyyətini bu müqəddəs amala həsr edən media orqanlarının, o cümlədən gerçəkdən türkçülüyə xidmət edən media təmsilçilərinin tez-tez bir araya gəlməsi, birgə müzakirələr aparmasına dair təkliflər də səslənib. Lakin demək olar ki, artıq sözdən işə keçilir. Bunda da bu ilin aprelində vəzifəsinin icrasına başlayan qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilirin atdığı önəmli addımlar, irəli sürdüyü təşəbbüs mühüm rol oynayır.
Məlumat üçün bildirək ki, məhz Dr. Alptekin Cihangir İşbilirin təşəbbüsü və Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Serdar Gündoğanın təşəbbüsü dəstəkləməsi nəticəsində iyunun 8-də Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Nəsimi kampusunda gözəl bir görüş oldu. Daha dəqiq desək həmin tarixdə Türkiyənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Azərbaycan Beynəlxalq Maarif Məktəblərində uzun zaman yadda qalacaq bir tədbir keçirildi.
Bu gün Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri cənab Alptekin Cihangir İşbilir və bir sıra media nümayəndələri məktəbimizi ziyarət etmişdir.
Səhər yeməyinə dəvət olunan qonaqlara Türkiyə Maarif Vəqfi Azərbaycan üzrə ölkə təmsilçisi Dr. Serdar Gündoğan tərəfindən pic.twitter.com/PQLbgEY47C
— Azərbaycan Beynəlxalq Maarif Məktəbləri (@mrfazerbaycan) June 8, 2024
Dr. Alptekin Cihangir İşbilirin, Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Serdar Gündoğanın, məktəbin direktoru Ertuğrul Toyun, səfirliyin əməkdaşları və media nümayəndələrinin iştirak etdiyi tədbir öncə məktəbin baxçasında birgə səhər yeməyi ilə başladı. Xoş və səmimi ortamda başlanan görüşdə ilkin tanışlıqdan sonra istər təhsil, istərsə də digər sahələrdə qardaş ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi üçün medianın hansı addım atmalı olduğuna dair təkilf və fikirlər səsləndirildi. Türk qardaşlarımız demiş, bu da ilk görüşün uğurlu alındığına işarə edirdi. Necə deyərlər, çay, səhər ueməyi bir bəhanə, ortam şahənə idi.
Dr. Alptekin Cihangir İşbilir: Azərbaycanla Türkiyə arasında əlaqələr türk dünyası ölkələri üçün nümunədir
Elə bu xoş ortamda olmaqdan məmnunluğunu ifadə edən Dr. Alptekin Cihangir İşbilir Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğunu bəyan etdi. O, həmçinin “Azərbaycanla Türkiyə arasında əlaqələr Türk dünyası ölkələri üçün nümunədir” dedi.
Təbii ki, bu əlaqələrin daha da dərinləşməsi üçün medianın da üzərinə mühüm vəzifələrin düşdüyünü deyən müşavir bundan əvvəlki fəaliyyəti dövründə olduğu kimi, Bakıda da kı fəaliyyətini bu istiqamətdə quracağını, bu istiqamətdə proqram hazırlandığını söylədi.
Konkret olaraq bu görüşə gəlincə, Dr. Alptekin Cihangir İşbilir “biz media ilə müntəzəm görüşlər keçirmək niyyətindəyik. Amma bu görüşlərin, necə deyərlər, görüşmək xatirinə olmaması, hər bir görüşün bir sahədə əlavə addımlara təkan verməsi üçün belə görüşləri konkret sahələrlə bağlı, yaxud yerlərlə bağlı keçirmək niyyətindəyik. Ölkələrimiz arasında əməkdaşlığın elm və təhsil sahəsində də uğurla inkişaf etdiyini, nəzərə alaraq ilk görüşümüzü məzh bu sahə ilə birbaşa bağlı olan məkanda keçirməyə qərar verdik. Sağ olsun Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Serdar Gündoğan və Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin Nəsimi kampusunun rəhbərliyi ki, bu təşəbbüsümüzə çevik reaksiya verdilər”.
Serdar Gündoğan: Təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusilə vacibdir
Sonra çıxış edən Türkiyə Maarif Vəqfinin Azərbaycan təmsilçisi Serdar Gündoğan Türk Dövlətləri Təşkilatına üzv ölkələrin son dövrlərdə bir-birinə daha da yaxınlaşdığını dedi. O, qeyd etdi ki, bu dövlətlər arasında əlaqələrin intensivləşməsi vacib və əhəmiyyətlidir: “Təbii ki, bu kontekstdə təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi xüsusilə vacibdir. Çünki təhsil gələcəyimiz olan, o cümlədən türk dünyasının gələcəyi olan uşaq və gənclərin həyatında mühüm rol oynayır. Biz sabahımızın daha etibarlı əllərdə olması üçün orta və ali məktəblərdə təkcə elmli, bilikli fərdlər deyil, eyni zamanda, torpağna, bayrağına, türk dünyasına sadiq şəxsiyyətlər yetişdirməliyik. Türkiyə Maarif Vəqfi olaraq fəaliyyətimizdə bu məqamı ön sırada tuturuq”.
Serdar Gündoğan onu da əlavə etdi ki, elm, təhsil sahələrində ölkələrimiz arasında təcrübə mübadiləsinin əhəmiyyəti də böyükdür.
Bu gün Bakı, sabah Gəncə, o biri gün….
Səmimi mühitdə keçən görüşdə çıxış edən media təmsilçiləri də öz fikirlərini səsləndirdilər.
BAYRAQDAR MEDİA təmsilçisi olaraq bəndəniz də belə görüşlərin keçirilməsinin çoxdan gözlənildiyini dedi. Eyni zamanda təklif etdik ki, növbəti görüşlər Bakıdan kənarda, hər dəfə bir rayonda, yaxud şəhərdə keçirilsin. Çünki birlikdə yola çıxmaq, yol yoldaşı olmaq münasibətlərin daha da dərinləşməsinə dəstək olmaqla yanaşı, yeni ideyaların meydana gəlməsinə də təkan verə bilər.
Türkiyənin Maarif Vəqfi nümunəvi təhsil modelini inkişaf etdirməyi qarşısına məqsəd qoyub
Səhər yeməyindən sonra media təmsilçiləri məktəbdə yaradılmış şəraitlə tanış oldular. Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin direktoru Ertuğrul Toy təhsil müəssisəsi haqqında ətraflı məlumat verdi. Dedi ki, təhsil müəssisəsində STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informativ və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin inkişafına xüsusi diqqət yetirilir. Məktəbdə ana dilində tədris imkanları ilə yanaşı, türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi həyata keçirilir.
O da qeyd edildi ki, məktəb xüsusi lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriya, emalatxana, kompüter otağı, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub.
Vurğulandı ki, şagirdlərin dünya standartları səviyyəsində orta təhsil alması üçün bütün imkanlar yaradılıb.
Məktəblə tanışlıqdan sonra müəllimlər otağında media təmsilçilərinə qısa təqdimat edildi.
Videotəqdimatlardan sonra S.Gündoğan bildirdi ki, Türkiyənin Maarif Vəqfi nümunəvi təhsil modelini inkişaf etdirməyi qarşısına məqsəd qoyub.
67 ölkədə 50 mindən çox şagirdə təhsil verilir
S.Gündoğan onu da vurğuladı ki, “Türkiyə Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif məktəbləri yaradılıb və orada 50 mindən çox şagird təhsil alır. Həmin məktəblərdən biri də Azərbaycandadır. Məktəbin əsas fəaliyyət istiqamətlərindən biri şagirdlərin vətənpərvər, xalqına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual şəxsiyyət kimi formalaşmasıdır”.
Maarif məktəblərində oxuyan azərbaycanlı uşaqlar bir sıra mühüm imkanlar əldə edə bilirlər
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin 2022-ci il oktyabrın 3-dən fəaliyyət göstərdiyini deyən S.Gündoğan bu yaxınlarda yeni filialın açılacağını diqqətə çatdırdı.
❝Türkiye Maarif Vakfı olarak, dünya için yeni bir hikâye yazıyoruz.❞ pic.twitter.com/mlaVii1wFH
— Türkiye Maarif Vakfı (@TMaarifVakfi) April 26, 2024
Nəhayət sonda Maarif məktrəblərində təhsil alan şagirdlərin gələcəkdə hansı imkanlara sahib olacaqları barədə də məlumat verildi. Bildirildi ki, bu məktəbi qurtarıb Türkiyənin dövlət universutetlərində imtahanlarda uğur qazananlar pulsuz təhsil alacaqlar. Həmçinin Maarif Vəqfinin xüsusi təqdimatı ilə ən faəl gənclər YTB bursu ala biləcək. Bir sözlə, Maarif məktəblərində oxumaq azərbaycanlı uşaqlara gələcək üçün bir sıra mühüm imkanlar yaradır.