Press "Enter" to skip to content

Jurnalistlər arasında müsabiqə elan edildi

Qızların təhsilinə dəstək

BAYRAQDAR MEDİA – 5 iyul tarixinədək Təhsilin İnkişafı Fondu, Azərbaycan Mətbuat Şurası və “Azərbaycan müəllimi” qəzetinin birgə əməkdaşlığı çərçivəsində “Qızların təhsilinə dəstək” mövzusunda media subyektlərinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edilir.

Bu barədə xəbər sözügedən Fonddan yayılıb.

Xəbərdə deyilir ki, “müsabiqə iştirakçıları qızların təhsili ilə bağlı mövcud duruma, imkanlara, göstərilən dəstəyə, yeni istiqamətlərə, təkliflərə və yanaşma yollarına diqqət yetirməlidir”.

Xəbərdə müsabiqənin şərtlərinə toxunularaq hansı yazıların üstünlük veriləcəyi bildirilib: “ Nəzərdə tutulan istiqamətləndirici mövzuların dolğun əhatə etmə səviyyəsinə; analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə; faktlardan istifadə xüsusiyyətlərinə və yazının keyfiyyətinə;ifadə vasitələrinin zənginliyinə; oxucu üçün informasiyalılıq dərəcəsinə; qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına”.

Vurğulanıb ki, “müsabiqəyə 7 iyun 2024-cü il tarixindən 5 iyul 2024-cü il tarixinədək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır. Yazılarda “Təhsilin İnkişafı Fondunun, Azərbaycan Mətbuat Şurasının və “Azərbaycan müəllimi” qəzetinin “Qızların təhsilinə dəstək” müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır. Yazı materialının müəllifi kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır”.

Müsabiqə üçün yazı materiallarının təqdimatı şəxsən və elektron qaydada aparılır.
Yazılar şəxsən təqdim edilərkən təqdimat zərfində yer almalıdır:

Müəllifin kütləvi informasiya vasitəsində işlədiyini təsdiqləyən sənədin surəti; şəxsin şəxsiyyət vəsiqəsinin surəti; şəxsin əlaqə vasitələri – ev, iş telefonu və mobil telefonu; müsabiqə üçün verilmiş yazının dərc olunduğu qəzet və jurnalın 1 nüsxəsi, materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifinin adı göstərilməməlidir); diskdə materialın elektron forması (Times New Roman şriftində, müəllifin adı qeyd olunmaqla).
2. Yazılar elektron qaydada təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır. Təqdimat göndərişində yer almalıdır:
Müsabiqə yazısı (“Word” faylında, imzasız); müsabiqə yazısının dərc olunduğu qəzetin, jurnalın nüsxəsi (PDF, JPG, yaxud “Word” faylında); yazı elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən link və sair vasitələr; yazı materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin KİV-də çalışdığını təsdiqləyən sənəd (PDF, JPG, yaxud “Word” faylında); yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud “Word” faylında).

Məlumata görə, müsabiqə üçün materiallar həm şəxsən, həm də elektron poçt vasitəsilə 7 iyun 2024-cü il tarixdən 5 iyul 2024-cü il tarixinədək saat 17.00-dək qəbul ediləcək. Şəxsən qəbul həmin tarixlərdə həftənin iş günləri saat 11.00-dan 17.00-dək Bakı şəhəri, Məmməd Araz 4 ünvanında (əvvəlki Teymur Əliyev 38 ünvanı) – Azərbaycan Mətbuat Şurasında həyata keçiriləcək. Elektron qaydada təqdimat zamanı sadalanan sənədlər və müsabiqə yazısı info@presscouncil.az elektron ünvanına göndərilməlidir.

Qeyd edək ki, təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.

Mission News Theme by Compete Themes.