Son yeniləmə: 10 İyun 2024 10:09
Cavid Aydın: Dərnək olaraq hesab edirik ki, bu şagirlərin qiyabi görüşünü əyani görüşə çevirməliyik
BAYRAQDAR MEDİA – Bu bir danılmaz həqiqətdir ki Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağları sarsılmazdır və bu qardaşlıq bağları getdikcə daha da möhkəmlənir. Təbii ki, bunun möhkəmlənməsində dövlətlərin, dövlət başçılarının həyata keçirdiyi siyasətlə yanaşı, xalqların milli, dini və mədəni baxımdan birliyi, həmçinin müxtəlif təşkilatlar arasında əməkdaşlıqların artması öz rolunu oynayır. Bu baxımdan diaspora təşkilatları və təhsil sahəsində əlaqələri xüsusilə qeyd etmək olar. Biz bu iki məqama təsadüfən toxunmadıq.
İki müəllimin əsasını qoyduğu dostluq
Məsələ burasındadır ki, bir müddət öncə Türkiyənin Eskişehir şəhərində fəaliyyət göstərən “Vəkil Mail Büyükerman” adına ibtidai sinif məktəbinin müəllimi Seda Gökmen ilə Bakının Nizami rayon 12 nömrəli tam orta məktəbində çalışan həmkarı Günel Əkbər arasında yaranan dostluq bağları şagirdlər arasında məktublaşma layihəsinə təkan verib.
İki həmkar və onların şagirdləri arasında yaranan bu dostluğun nişanəsi olaraq qarşılıqlı məktublaşma və göndərilən hədiyyələr sosial şəbəkələr vasitəsilə sürətlə yayılıb. Türkiyə ictimaiyyətinin böyük marağına səbəb olan bu görüntülər ölkənin media qurumları tərəfindən də geniş işıqlandırılıb.
Eskişehir Azərbaycanlılar Dərnəyi bu dostluğa öz töhvəsini vermək qərarına gəlib
Öz növbəsində diaspor sahəsində müsbət fəaliyyəti ilə seçilən Eskişehir Azərbaycanlılar Dərnəyi bu dostluğa öz töhvəsini vermək qərarına gəlib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dərnək başqanı Cavid Aydın məlumat verib.
O, qeyd edib ki, “Türkiyə mediasında gündəm olan bu layihəni dəstəkləmək və daha geniş hal almasına təkan vermək məqsədilə bu yaxınlarda dərnək üzvləri ilə birlikdə Seda Gökmen və onun şagirdlərini ziyarət etdik”.
Sevindirici məqam budur ki, bu ziyarətdə Eskişehir valiliyi Dərnəyi tək qoymayıb: “Biz məktəbə ziyarətlə bağlı icazə üçün Eskişehir valisi Hüseyn Aksoya müraciət etdik. Çox sağ olsun dəyərli valimiz ki, nəinki icazə verdi, hətta onun məsləhəti ilə valinin yardımçısı, Azərbaycana özəl münasibəti ilə fərqlənən Salih Altun da bizimlə birlikdə məktəbi ziyarət etdi”.
Seda Gökmenə bütün azərbaycanlılar adından təşəkkür
Cavid Aydının sözlərinə görə, Dərnək üzvləri görüşdə iki qardaş ölkənin uşaqları arasında dostluğun təşviqinə verdiyi töhvəyə görə Seda Gökmenə bütün azərbaycanlılar adından təşəkkür ifadə ediblər.
“Biz orada həm Seda xanım və məkətb rəhbərliyi ilə geniş müzakirə apardıq, həm də həmin şagirdlərə Azərbaycanın milli dəyərlərini əks etdirən hədiyyələr və Azərbaycan bayrağı verdik”.
“Bu məktəb də artıq mənəvi baxımdan Azərbaycanın bir parçası kimi bizə əzizdir”
C.Aydın bildirib ki, görüşdə iki qardaş ölkənin məktəbliləri arasında bu kimi layihələrin davamlılığının artırılması, eləcə də Azərbaycan-Türkiyə uşaqları arasındakı bağların daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb: “Görüşdən sonra isə biz bu təklifləri də nəzərə alaraq Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq bəzi gələcək addımlara dair ilkin razılığa gəldik. Öncə bir ümumi fikir hasil oldu ki, bu məktəb də artıq mənəvi baxımdan Azərbaycanın bir parçası kimi bizə əzizdir və bundan sonra Dərnəyin keçirdiyi bayram tədbirlərinə məktəbin müəlllimləri, şagirdləri, hətta həmin şagirdlərin valideynləri də dəvət edilsin. Digər tərəfdən belə bir fikir ifadə olundu ki, Azərbaycandan Eskişehirə gələn qonaqların da imkan daxilində həmin məktəbə ziyarətini təşkil edək”.
“Növbəti tədris ili çərçivəsində qarşılıqlı səfərlərin reallaşacağına ümid edirik”
Lakin bu da son deyil. Cavid Aydının sözlərinə görə hər iki məktəbin şagirdlərinin qarşılıqlı səfərləri barədə də təşkliflər səsləndirilib: “Dərnək olaraq hesab edirik ki, bu şagirlərin qiyabi görüşünü əyani görüşə çevirməliyik. Bunun üçün təbii ki, Bakının və Eskişehirn şəhər rəhbərliyinin dəstəyi ilə heç olmasa növbəti tədris ili çərçivəsində qarşılılıqlı səfərlərin reallaşacağına ümid edirik. Biz Dərnək olaraq bu səfərlərin proqramını hazırlamağa, səfər zamanı belə deyək, bələdçilik etməyə, səfərin yaddaqalan olması üçün var gücümüzlə çalışmağa hazırıq. Əminik ki, müvafiq qrumlar da səfərin reallaşmasına lazım olam maddi dəstəyi göstərəcəklər” .