Son yeniləmə: 10 İyun 2024 14:06
Zorlu Töre: Bu məktubu imzalayanlar KKTC-yə qarşı ölkələri tərəfindən indiyə kimi böyük haqsızlıq edildiyinin fərqinə varıblar
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Böyük Britaniyada 54 millət vəkili Kuzey Kıbrıs Türk Cümhuriyyətinə (KKTC) birbaşa uçuşların başlanmasını tələb edən məktubu imzalayıb.
Bu isə KKTC-də böyük maraqla qarşılanıb. Öz növbəsində ötən həftə Bakıda səfərdə olan KKTC Cümhuriyyəti Məclisinin sədri Zorlu Töre BAYRAQDAR MEDİA-nın bu məsələ ilə bağlı sualını cavablandırıb.
Zorlu Töre deyib ki, aralarında keçmiş baş nazirlər, keçmiş xarici işlər nazirləri də olan 54 keçmiş deputatın (keçmiş ona görə ki, artıq İngiltərədə yeni parlament seçkilərinin keçirilməsinə qərar verilib – Z.T) imzaladığı bu məktub ümumilikdə müsbət gəlişmədir.
Zorlu Töre qeyd edib ki, bu məktuba müsbət cavabın verilməsi İngiltərə hakimiyyəti tərəfindən ötən 50 il ərzində KKTC-yə qarşı haqsız davranışın belə deyək ki, kiçik də olsa aradan qalxması ola bilər: “Bəllidir ki, bu gün Batı, Avropa Birliyi KKTC-yə qarşı haqsız, qeyri-insani embarqolar tətbiq edib. Bu qəbuledilməz bir davranışdır. Amma İngiltərənin bu məsələdə sərgilədiyi mövqe ikiqat qəbuledilməzdir. Çünki İngiltərə Kıbrıs adasında üç qarantör ölkədən biridir. Amma çox təəssüflər olsun ki, İngiltərə özünü qarantör ölkə kimi aparmir. Adada iki dövlət və xalq olmasına rəğmən İngiltərə rum tərəfini dəstəkləyir və KKTC-yə qarşı haqsız təzyiqlərə qoşulub. Yəni İngiltərə 50 ildir ki, Kıbrıs adasında bir tərəfli siyasət həyata keçirir”.
Vurğulanıb ki, İngiltərə adanın hər iki tərəfinə eyni məsafədə davranmalı olduğu halda yalnız rum tərəfi ilə bir dövlət kimi davranır: “İngiltərə həmçinin türk tərəfinin, KKTC-nin embarqolara məruz qalması siyasətinə dəstək verir və bu siyasətin icraçısı rolunda çıxış edir. Hesab edirəm ki, heç olmasa indi bu müraciətdən sonra onlar özlərində güc tapıb, 50 ildən sonra bu yanlışlıqlarını cüzi də olsa aradan qaldıracaqlar. Bu istiqamətdə mühüm addım atmağa özlərində güc tapacaqlar”.
Z.Törenin sözlərinə görə bu məktubu imzalayanlar KKTC-yə qarşı ölkələri tərəfidən indiyə kimi böyük haqsızlıq edildiyinin fərqinə varıblar: “Ona görə də belə bir məktub ünvanlıyıblar. İnşallah ki, bunun ardının da gəlməsini arzu edirik. Əslində, türk birliyi gücləndikcə, türk dünyası KKTC-yə sahib çıxdıqca biz Batıda bu cür addımlaırn daha çox şahidi olacağıq”.