BAYRAQDAR MEDİA – Milli İncəsənət Muzeyində “Muzeydə kino” layihəsi çərçivəsində görkəmli balet ustaları, Xalq artistləri, sevimli ömür-gün yoldaşları Rəfiqə Axundova və Maqsud Məmmədovun yaradıcılığına həsr olunmuş “Balet, ömrüm mənim” adlı sənədli film nümayiş olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeydən daxil olub.
Xəbərdə bildirilir ki, “film nümayişi çərçivəsində, həmçinin ekran əsərinin yaradıcı heyəti və balet ustalarının yaxınları ilə görüş keçirilib. Görüşdə görkəmli baletmeyster M.Məmmədovun 95 illik yubileyi münasibəti ilə təbriklər səsləndirilib, eyni zamanda mərhum baletmeyster, milli balet səhnəsinin əfsanəsi adlandıran R.Axundovanın xatirəsi, ehtiramla yad olunub, hörmətli sənətkarların tamaşaçılarda dərin rəğbət hissi yaratmış yaradıcılıqlarından bəhs edilib. Yaradıcı heyət tərəfindən filmin çəkilişi zamanı yaşanan maraqlı anlardan söhbət açılıb, görüş iştirakçıları filmlə bağlı öz təəssüratlarını bölüşüblər”.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin sifarişi ilə “Dublyaj” studiyasında istehsal olunmuş filmin ssenari müəllifi Raya Abbasova, rejissoru Gülər Tokgözdür.