BAYRAQDAR MEDİA – İyunun 7-də qardaş Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfərə gəlib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən verilib.
Xəbərdə deyilir ki, “Qazaxıstan nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, Şəhidlər xiyabanında isə ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək gül dəstələri düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub”.
Bildirilib ki, “Müdafiə Nazirliyində təşkil edilən təntənəli qarşılama mərasimində hər iki ölkənin müdafiə nazirləri Fəxri qarovulun önündən keçib. Nümunəvi Hərbi Orkestrin ifasında iki ölkənin himni səsləndirilib. Protokola əsasən, R.Jaksılıkov “Şərəf kitabı”nı imzalayıb”.
General-polkovnik Z.Həsənov qazaxıstanlı həmkarını salamlayaraq bildirib ki, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlıq dostluq və qardaşlıq münasibətləri üzərində qurulub. Nazir hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
R.Jaksılıkov Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək “Birləşdik – 2024” əməliyyat-taktiki komanda-qərargah təliminin “Yüksək Səviyyəli Müşahidəçi Günü”nə dəvət edib.
Məlumata görə, Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel də görüşdə iştirak edib. Görüşün sonunda Azərbaycan ilə Qazaxıstan arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.