Press "Enter" to skip to content

Mətbuat Şurasında şikayətlərə baxıldı

Komissiyanın toplantısı

BAYRAQDAR MEDİA – Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.

Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Şuradan verilib.

İclasda Komissiya sədri, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu iclasın gündəliyi barədə məlumat verərkən Şuranın Katibliyi tərəfindən quruma daxil olmuş şikayətlər üzrə müvafiq araşdırma işləri aparıldığını bildirib.

Araşdırma zamanı bir sıra şikayətlərin məhkəmə müstəvisinə çıxarıldığı müəyyən edilib. Şuranın nizamnaməsinə uyğun olmadığı üçün həmin şikayətlərə baxılmayıb. Bununla belə iclasda həmin şikayətləri doğuran motivlər müzakirə olunub.

Şikayətlərlə bağlı bildirilib ki, “ayrı-ayrı vətəndaşların media orqanlarından narazılıqlarını doğuran konkret cəhət qarşı tərəfin mövqeyinin təqdimatına əhəmiyyətsiz yanaşmadır. Bu isə şikayətçilər tərəfindən müxtəlif cür qiymətləndirilir ki, qiymətləndirmələr sırasında şərəf və ləyaqətin təhqirindən tutmuş işgüzar nüfuza xələl gətirilməsinədək bir çox xüsuslar var. Ona görə də media və jurnalistlər tənqid obyektlərinin mövqeyinin öyrənilməsinə ciddi yanaşmalıdırlar. Bu tələbə sonradan yox, məhz materiallar hazırlayarkən diqqət yetirməlidirlər ki, ictimaiyyətə ötürülən mesaj dolğun və obyektiv olsun”.

İclasda media orqanlarının tənqidi materiallara həssas yanaşmaları vurğulanıb: ““AzEstetik Group” MMC-nin publika.az, moderator.az, bakunews.az, hakimiyyet.info saytlarında gedən yazılardan şikayətinə də baxılıb. Məlum olub ki, həmin materiallarda narazılıq doğuran başlıca motiv Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözügedən şirkətlə bağlı bildirdikləridir. Şuranın Katibliyinin adı çəkilən saytlarla apardığı fərdi söhbətlər zamanı onlar “AzEstetik Group” MMC-nin fikirlərinin də təqdimatına hazır olduqlarını bildiriblər. Şikayətlər üzrə Komissiya bu mövqeni məqbul qiymətləndirib. Sözügedən media orqanlarının tənqidi materialda tənqid obyektinin fikirlərinin təqdimatına həssas yanaşmaları, bu mümkün olmadıqda isə məsələ barədə cəmiyyəti məlumatlandırmaları mütləqdir”.

İclasda media adından sui-istifadə ilə bağlı MŞ-yə daxil olmuş şikayətlərə də baxılıb. Belə məsələlərin Şuranın səlahiyyətinə aid olmadığı müəyyən edilib və aidiyyəti üzrə göndərilib.

Qeyd edək ki, toplantı BDU Jurnalistika fakültəsinin Azərbaycan Mətbuat Şurası auditoriyasında keçirilib.

Mission News Theme by Compete Themes.