Son yeniləmə: 7 İyun 2024 11:05
BAYRAQDAR MEDİA – İyunun 6-da Azərbaycan İncəsənət Məktəbində tələbələrin ifasında Mirzə Fətəli Axundzadənin eyniadlı pyesinin motivləri əsasında “Sərgüzəşti-vəziri-xani-Lənkəran” tamaşası oynanılıb.
Nümayişdən öncə tamaşaya quruluş verən Xalq artisti, Prof. Məmmədsəfa Qasımov çıxış edərək tamaşaçıları salamlayıb, tamaşa və səhnə əsərində iştirak edən tələbələr haqqında məlumat verib. O, səhnə əsərində iştirak edənlərin hər birinin müxtəlif peşə sahibləri olduqlarını diqqətə çatdıraraq əsər üzərində sevgiylə, sevinclə çalışdıqlarını vurğulayıb. Professor həmçinin tamaşaçılara gəldikləri üçün təşəkkür edərək əlavə edib ki, tamaşaçı aktyorun güzgüsüdür, aktyor sənətinin bariz göstəricisidir.
Ardınca tamaşa nümayiş olunub.
Səhnə əsəri izləyicilər tərəfindən maraqla qarşılanıb.
Nümayişdən sonra tamaşanın baş rol ifaçısı Xəlil Mahmudov Azərbaycan İncəsənət Məktəbində fəaliyyəti və tamaşaya hazırlıq prosesi haqqında BAYRAQDAR MEDİA-ya məlumat verib: “Məni Azərbaycan İncəsənət Məktəbinə səhnəyə çıxmaq, tamaşada rol almaq arzusu gətirib və 2023-cü ildən burada fəaliyyət göstərirəm. Mənim fikrimcə insan özünün ən yaxşı versiyası olmalıdır. O, arzularını reallaşdırmaq üçün kənar müdaxilələrə fikir verməməli, özü istədiyi kimi yaşamalı və istəklərini həyata keçirməlidir. Tamaşa ilə bağlı onu deyim ki, hazırlıq prosesi 4 ay çəkdi. Tamaşada bizim əvvəlki və yeni kurs tələbələrimiz iştirak elədi. Bildirim ki, tamaşanı hazırlayarkən biz əsəri çox qısaltdıq, yeni rollar əlavə etdik, rollarda rəngarənglik yaratdıq. Mən Vəzir rolunda idim. Buradakı bütün fəaliyyətə görə dəyərli müəllimimiz Xalq artisti Məmmədsəfaya minnətdaram, təşəkkür edirəm”.
Bildirək ki, sözügedən Məktəbin həvəskar aktyor heyətinin çıxış etdiyi tamaşada məqsəd aktyor təhsili alan tələbələrin tamaşasına şərait yaratmaq və bu yolla onların cəmiyyətdə öz yerlərini tapmağına nail olmaqdır.
Tamaşada rolları Şövqi Əmiraslanov (Xacər), Amir Həsənsoy (Hacı Salah), Sevinc Bağırova (Ziba), Xəlil Mahmudov (Vəzir), Aysu İsmayılova (Nisə), Aydan Əlizadə (Şövlə), Pərviz Rzayev (Carçı), Nurlan Abbaszadə, eləcə də İlkin Səfərov, Əli Süleymanov, Bəyaz Abdinova ifa edirlər.
Qeyd edək ki, nümayişin sonunda tələbələrə Azərbaycan İncəsənət Məktəbinin diplomu və sertifikatı təqdim edilib.