Son yeniləmə: 7 İyun 2024 08:33
Cavid Aydın: Məqsəd daha bir ilin yekunlarını müzakirə etmək, yeni dönəmlə bağlı təklifləri dinləmək idi
BAYRAQDAR MEDİA – “Biz Eskişehir Azərbaycanlılar Dərnəyi olaraq bu dəfə də ənənəmizə sadiq qaldıq və növbəti yay tətili ərəfəsində yenidən bir araya gəldik. Məqsəd daha bir ilin yekunlarını müzakirə etmək, yeni dönəmlə bağlı təklifləri dinləmək idi”,
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın deyib.
Onun sözlərinə görə, ötən illərdə olduğu kimi, bu il də Dərnəyin yayöncəsi son toplantısı genişləndirilmiş formatda keçib: “Dərnəyin rəhbər heyəti ilə yanaşı Eskişehirdə yaşayan fəal soydaşlarımız, o cümlədən azərbaycanlı tələbə-gənclərin bir qrupu da müzakirədə yaxından iştirak etdi. Toplantımız maraqlı çıxışlarla, təklif və iradların səsləndirilməsi ilə yadda qaldı. Çıxış edənlər, gələn il üzrə fəaliyyət planına dair fikirlərini də səsləndirdilər”.
C.Aydın deyib ki, iclasda diqqətçəkən digər məsələ isə Dərnəyin Gənclik Qolları ilə bağlı oldu: “Gənclik Qolları bütövlükdə buraxılıb və sentyabrda yenidən formalaşacaq. Bu iclasda da bununla bağlı ətraflı müzakirələr apardıq. Həmçinin 2023-2024-cü tədris ilində müxtəlif sahələrdə fəallıqları ilə seçilən və ən yüksək xal toplayan 10 gənc üçün hansı mükafatların ayrıldığı bəyan edildi”.
Dərnək rəhbərinin sözlərinə görə, daha bir məsələ isə Dərnəyin növbəti il üçün də azərbaycanlı tələbələrə verəcəyi bursla bağlı olub: “Bununla bağlı yekun qərarımızı isə yeni tədris ilində elan edəcəyik”.