Son yeniləmə: 5 İyun 2024 15:07
Pərviz Şahbazov: Yaxın vaxtlarda Şərqi Zəngəzurda bp və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməli atılacaq
BAYRAQDAR MEDİA – “Bu onillik Azərbaycan Prezidenti cənab İlham Əliyevin “yaşıl enerji” və iqlim məqsədlərinin həyata keçirilməsi, ənənəvi və bərpa olunan enerji arasında sinerjinin yaradılması üzrə baxış və təşəbbüslərinə əsaslanan “yaşıl enerjiyə keçid”də ölkəmizin regional liderliyi ilə əlamətdar olacaqdır”.
Bunu energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Bakı Enerji Forumunda “Enerji təhlükəsizliyi və dayanıqlılığa dair beynəlxalq əməkdaşlıq” mövzusunda plenar sessiyadakəı çıxışında bəyan edib.
Nazir çıxışında 1 milyard dollara yaxın investisiya dəyərinə malik 1000 MVt gücündə günəş-külək elektrik stansiyalarından əlavə yaxın vaxtlarda Şərqi Zəngəzurda bp və “Nobel Energy” şirkətləri ilə daha iki günəş stansiyasının təməlinin atılacağını deyib.
Məlumata görə, çıxışda 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyası üzrə ilk hərracın nəticəsinin isə COP29 zamanı elan ediləcəyi diqqətə çatdırılıb.
“2027-ci ilin sonunadək reallaşacaq 2 QVt-dək “yaşıl güc”lər hesabına elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerjinin payı 33 faizə yüksələcək. 2 milyard dollardan artıq investisiya, 5.3 milyard kilovatsaat elektrik enerjisinin istehsalı, 1.2 milyard kubmetr qazın sərbəstləşməsi, 2.5 milyon tona qədər emissiyaların azalması bu layihələrin gözlənilən faydalarıdır”, deyə nazir əlavə edib.