BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində Şəki şəhər R.Əfəndiyev adına 10 nömrəli tam orta məktəbdə tədbir keçirilib.
Bu barədə xəbəri sözügedən Mərkəz yayıb.
Xəbərdə deyilir ki, “tədbirdə Mərkəzin direktoru Prof. Sevinc Əliyeva, direktor müavini Dos. Gülarə Əmirova və şöbə müdiri Dos. Şahlar Məmmədov, həmçinin 10 nömrəli tam orta məktəbin direktoru Büllur Abdulsəlimli və müəllim-şagird heyəti iştirak edib”.
Məlumata görə, şagirdlərin təqdimat ifalarında “Şirin dil” mahnısı, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyev və digər ziyalıların ana dili ilə bağlı müxtəlif aforizimləri, eləcə də “elə yox, belə” interaktiv oyunu tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, bundan sonra Mərkəzin nümayəndə heyəti Şəkidə Baş Zəyzid kənd tam orta məktəbində və 12 nömrəli tam orta məktəbdə, həmçinin Şəkidə fəaliyyət göstərən “Kanal-S” yerli televiziya şirkətində görüşlərin keçirilməsini nəzərdə tutub.