BAYRAQDAR MEDİA – 3-4 iyun tarixlərində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Açıq qapı” günləri keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “cəmiyyət arasında mütaliəyə, kitaba olan marağı artırmaq, kitabları təbliğ etmək, eləcə də MEK-in fəaliyyəti və zəngin fondları ilə tanış etmək məqsədi ilə keçirilən “Açıq qapı” günləri yekunlaşıb. Kitabsevərlər bu günlərdən yararlanaraq MEK-in xidmətlərindən istifadə edərək Heydər Əliyev və Azərbaycan dövlətçiliyi, Nadir kitab və qiymətli nəşrlər, Qarabağ müharibəsi qəhrəmanları və Diplomatik fondlarda mühafizə olunan dəyərli nəşrlərlə tanış olublar, elektron kataloq vasitəsi ilə istədikləri kitabları sifariş ediblər”.
Ziyarətçilər MEK-in Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələrə, “Naxçıvan MR – 100”, “Yaşıl dünya naminə həmrəylik ili”, “Məhəmməd Füzuli – 530”, “Aziz Sancar” sərgilərinə baxış keçiriblər.
“Açıq qapı” günü iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, MEK-də “Açıq qapı” günlərinə marağın böyük olduğunu nəzərə alaraq, hər ay keçirilməsi planlaşdırılır.