Son yeniləmə: 5 İyun 2024 13:37
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondundakı nəşrlər sırasında qazilərin də oxuduğu kitablar var. Onlardan biri qazi Elvin Rəsulovun oxuduğu “Polad necə bərkidi” kitabıdır.
Yazıçı, psixoloq İlqar Kamilin müəllifi olduğu nəşrdə Vətənə sevginin Poladın öz xalqına, torpağına göstərdiyi xidmətdə, insanlarla rəftarında necə əks olunduğu verilib.
İ.Kamil müəllifi olduğu sözügedən kitabın ərsəyə gəlməsi haqqında BAYRAQDAR MEDİA ilə fikirlərini bölüşüb: “Bizim insanlarda adətən belə bir yanaşma var, cəmiyyəti qınayırlar ki, bu cəmiyyət insanı aşağı çəkir, onu doğru, dürüst olmamağa sövq edir. Amma biz Polad Paşanın timsalında gördük ki, bu belə deyil, hansı cəmiyyətdə yaşadığından aslı olmayaraq sən dürüst, ləyaqətli, qəhrəman olmağa qərar vermisənsə səni heç kim saxlaya bilmir. Mən kitabda əsasən bu yola işıq tutmağa çalışmışam. Kitabı yazarkən Generalın həyatındakı xatirələri, onunla bağlı verilmiş müsahibələri, əsgər yoldaşlarının dediklərini, onun haqqında yazılmış “General Polad Həşimov xatirələrdə” kitabını göz önündə tutdum. Ərsəyə gətirdiyim bu kitab 44 günlük Vətən müharibəsi dönəmində yazılmış kitabdır. Nəşrdə fəlsəfi, sosioloji, psixoloji cəhətdən Poladın şəxsiyyətini açmağa çalışmışam. Yəni hansı amillər, stimullar, motivlər səbəb oldu ki, Polad şəhidlik məqamına ucaldı və belə bir şəxsiyyətə çevrildi. Polad necə oldu bərkidi?, o, hansı reallıqlardan keçdi?, ona olan xalq sevgisinin kökündə nə dayanırdı?, təkcə onun general olmağımı, yoxsa nə? bu suallara kitabda cavab axtarmışam”.
Bildirək ki, nəşrin arxa qabığında Polad Həşimovun anası Səmayə Həşimovanın “Poladı kabinet generalı yox, səngər generalı kimi yetişdirmişdim” sözləri yer alır.
Kitabda həmçinin qeyd edilir: “Necə oldu ki, şəhidlik xəbərindən dərhal sonra onun səs-sədası Vətənin dörd bir guşəsindən eşidilməyə başladı? On minlərlə insan küçəyə çıxdı, sinələri onun sevgisi ilə aşıb-daşdı, hər yeri onun şəkilləri bəzədi. Bax sevginin bu cür “idarəolunmazlığı”, bir an içində alışmağı var. General Polad Həşimov da Azərbaycan xalqının qəlbində belə bir sevgi atəşi yandırdı. İnsana Vətəni sevməyi öyrədin, qalan hər şeyi o özü öyrənəcək”.
Nəşrdə “Bir hüsnü-xətt haqqında”, “Saatın ən bərk gedən vaxtı”, “Xalqın generalı”, “Vətənin dar günündə”, “Sözün maniyası”, “Həyat normaları” və digər başlıqlar var.
Qeyd edək ki, nəşrin redaktoru Zülfi Xəlilov, korrektoru Cəriyyət Musayeva, bədii və texniki tərtibatçısı İsmayıl Süleymanlıdır, üz qabığının dizaynı isə Ramin Həsənəlizadəyə məxsusdur.