Hədəfləri də bəllidir: Türk birliyi, Türkiyə-Azərbaycan qardaşlığı və Böyük Turan
BAYRAQDAR MEDİA – Zaman-zaman türklüyün düşmənləri, o cümlədən bu düşmənlərin fikir, beyin və pul ağaları müxtəlif çirkin üsullara əl atıblar. Bu düşmənlər və onların istər okeanın o tayında, istərsə də bu tayında olan ağalarının, həmçinin yaxın və uzaq qonşuluğumuzdakı bədxah qüvvələrin bir məqsədi olub – türk dünyasının birləşməsinə, bir olmasına maneə yaratmaq. Buna görə də həmin qüvvələrin əsas hücum nöqtəsi, əsas hədəfi məhz Türkiyə-Azərbaycan qardaşlığı olub.
Bu da təsadüfi deyil.
Çünki düşmənlərimiz çox yaxşı bilirlər ki, müasir türk birliyinə gedən yol Türkiyə-Azərbaycan qardaşlığından keçir.
Çünki Böyük Turana açılan qapıların açarı məhz Türkiyə-Azərbaycan qardaşlığındadır.
Çünki müasir türk dünyasının, Türk Dövlətləri Təşkilatının şahlanışına məhz Azərbaycanın 44 günlük Vətən savaşında əldə etdiyi tarixi zəfər təkan verdi. Hansı ki, bütün dünya bu 44 gün ərzində Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz olduğunu da bir daha gördü.
Qeyd etdiyimiz kimi, düşmənlərimiz bunu yaxşı bilir və elə ona görə də əllərinə düşən hər fürsətdən Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq üçün yararlanmağa çəhd edirlər. Bu dəfə də belə oldu.
Söhbət Fələstinin dəstəkçiləri olduqlarını iddia edən cinayətkar, terrorçu, vəhşi dəstənin SOCAR-ın İstanbuldakı ofisinə hücumundan gedir. Bu dəstənin ünvanına ağır sözlər işlətməyimizə səbəb isə elə onların özlərinin dağıdıcı addımlarıdır. Çünki SOCAR-ın İstanbuldakı ofisinə hücum edənlərin məqsədlərinin imkan daxilində ofisə daha çox dağıdıcı zərər vurmaq olduğu gün kimi aydındır. Yəni təkcə onların terror xislətli davranışı bu qənaəti hasil edirdi ki, həmin ünsürlərin dərdi heç də Fələstin deyil.
Hücum edən ünsürlərin Fələstin məsələsindən sadəcə olaraq bəhanə kimi istifadə etdiklərini sübut edən digər faktlar da var.
Məsələn, bu dəstədə dini, ideoloji və s. baxımdan alabəzək ünsürlər cəm olmuşdular. Belə ki, təxribatçı dəstədə solçu-kommunistlər, hansı ki, onlar terrorçu PKK-ya və onun siyasi qanadına daha yaxın olmaları ilə tanınırlar, həmçinin Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar “eyni mahnını ifa ediblər”.
İlk baxışdan solçu-kommunistlərin Fələstini belə cani-dildən dəstəkləməsi sual yaradır. Elə İran tərəfindən dəstəklənən qruplaşmaların da kommunistlərlə eyni cəbhədə olması təəccübqarışıq sualın yaranmasına səbəb olur.
Amma bir az dərindən düşünəndə həmin sualın cavabını tapmaq mümkündür. Yəni SOCAR-ın İstanbuldakı ofisinə vəhşicəsinə hücum edənlərin arxasından boylanın güclərin də, dini və ideoloji baxımdan bir-birini təkzib edən dağıdıcı ünsürlərin də vahid maraqdan çıxış etdiyini görürük. Söhbət yuxarıda bəhs etdiyimiz Türkiyə-Azərbaycan qardaşlığına zərbə vurmaq istəyindən gedir.
Düşmənlərimizin bu istəyi o qədər güclüdür ki, onlar bu günə qədər ünvanlarına səsləndirilən təhqir və hədyanları da unutmağa üstünlük verirlər. Söhbət bu gün eyni cəbhədə birləşərək SOCAR-ın İstanbuldakı ofisinə hücum edənlərdən və bu hücumu bəh-bəhlə öz media orqanlarında tirajlayanlardan gedir.
Yeri gəlmişkən, Milli Məclisin deputatı Vüqar İskəndərov mediaya açıqlamasında həmin birləşməni çox gözəl təsvir edib: “Təsəvvür edin ki, Türkiyədə kök salmış və İran tərəfindən dəstəklənən qruplaşmalar əsassız iddialarla cəmiyyəti aldadır və çirkin aksiya keçirirlər. Və okeanın o tayından idarə edilən sayt və radiolar da bu aksiyanı bəh-bəhlə tirajlayırlar. Halbuki hətta bu aksiyada iddia edilənlər əsaslı olsaydı belə okeanın o tayındakılar müttəfiqləri olan İsraili dəstəkləməli, bu aksiyanı tirajlamamalıydılar. Ancaq biz bunun əksini görürük. Səbəb isə, bir daha deyirəm, bəllidir. Söhbət Azərbaycana qarşı haqsız hücumlardan gedəndə şeytan da, terrorçu da unudulur. Daha doğrusu, dünənə kimi bir-birilərini bu adlarla ittiham edənlər bu gün eyni cəbhədən boylanırlar”.
Bəli, hesab edirik ki, V.İskəndərov durumu və maraq birləşməsini çox gözəl xarakterizə edib. Görünən odur ki, bütün düşmənlər bir aradadır. Lakin onların bundan əvvəlki cəhdləri kimi bu cəhdləri də iflasa uğradı. Bundan sonra da iflasa uğrayacaq. Çünki Türkiyə-Azərbaycan qardaşlığı əsrlərin sınağından çıxıb və xalqların sarsılmaz birliyindən güc alır.
Amma eyni zamanda ayıq-sayıq olmalıyıq. Çünki düşmən hər kiçik imkandan belə yararlanmaq istəyir. Elə Fələstin məsələsi, daha doğrusu bəhanəsi kimi…