Son yeniləmə: 5 İyun 2024 14:21
BAYRAQDAR MEDİA – Araşdırmaçı Dilqəm Əhmədin “Mühacirlər Güney Azərbaycanda (1921-1941)” adlı kitabı nəşr edilib.
Kitabla bağlı müəllif BAYRAQDAR MEDİA-ya məlumat verib: “Azərbaycan mühacirət tarixinin ən az öyrənilmiş sahəsi 1920-ci ildən sonra Qacar dövlətinə olan köçlərdir. Rusiyanın 1920-ci ildə Azərbaycanı işğalından sonra sadə camaatla yanaşı, bəzi ictimai-siyasi xadimlər də Güney Azərbaycan və İranın bəzi şəhərlərinə köçüblər, orada istiqlal mübarizəsini davam etdiriblər. Bu mövzuda professor Musa Qasımlı, mərhum alimimiz Ramiz Abutalıbov kitablarında müəyyən hissələr veriblər. Onlar daha çox Azərbaycan arxivlərindəki materiallardan istifadə ediblər. Mən mühacirət mətbuatını tədqiq etdiyim zaman Təbriz, Ərdəbil, Ənzəli, Tehran, Rəşt kimi şəhərlərdə təşkilatlanan mühacirlərin vəziyyətləri barədə xeyli materialın, eləcə də həyat hekayələrinin olduğunu gördüm. Ona görə də bu az izlənmiş mövzuya maraq oyatmaq məqsədi ilə “Mühacirlər Güney Azərbaycanda (1921-1941)” adlı kitab hazırladım. Kitabda Rusiya ilə Qacar, ardınca Pəhləvi məngənəsi altında qalan Şimali Azərbaycandan olan insanların durumuna diqqət çəkmişəm. Həmçinin Güney Azərbaycanda və İranda yaşamış bir çox mühacirin həyat hekayəsini yazmışam. Məsələn, Qasım Qasımzadə, Əlikamal Qənizadə, İsfəndiyar Alpauti, Əbdülvahab Yurdsevər, Əjdər Babazadə və sair kimi mühacirlərin bioqrafiyasını təqdim etmişəm. Kitabın sonuna İsmət paşaya Güney Azərbaycanla bağlı verilən raportu da əlavə etmişəm”.
Qeyd edək ki, kitab “Çapar” nəşriyyatında Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə işıq üzü görüb.
D.Əhməd eyni zamanda “Əski Müsavatçılar Nəsli” Beynəlxalq Cəmiyyətinin sədri Fuad Zeynallının 90 illiyinə ithaf olunan “Əski Müsavatçılar Nəsli” adlı kitab hazırladığını bildirib. Sözügedən kitab iyul ayında oxuculara təqdim ediləcək.