BAYRAQDAR MEDİA – Türk Mədəniyyəti və İrsi Fondunun qərargahında təşkilatın prezidenti Aktotı Raimkulova Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Nərgiz Qurbanova ilə görüşüb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə qeyd edilir ki, “görüşdə Fondun türk xalqlarının qədim və zəngin irsinin qorunması, beynəlxalq aləmdə tanıdılması və öyrənilməsi istiqamətində fəaliyyətindən söz açılıb. Həmçinin görüş zamanı Fond ilə Azərbaycanın Polşadakı səfirliyinin qarşılıqlı əlaqələrindən, birgə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrdən bəhs olunub, Fondun Polşada yaşayan türk kökənli tatar və karaimlərin irsinin qorunması ilə bağlı layihələri vurğulanıb. Görüş zamanı türk dövlətləri ilə Polşa arasında qarşılıqlı mədəni dialoqun genişləndirilməsində türk əməkdaşlıq təşkilatlarının rolu qeyd olunub”.
Görüş Fond ilə səfirliyin tərəfdaşlıq münasibətlərinin perspektivlərinə, eləcə də gələcəkdə birgə layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.