BAYRAQDAR MEDİA – İyunun 3-də Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı Bələdiyyə Teatrının “Xan qızı” tamaşası oynanılıb.
Bu haqda sözügedən İttifaqın yaydığı xəbərdə bildirilir.
Xəbərdə qeyd edilir ki, “tamaşa Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibəti ilə tamaşaçılara təqdim olunub. Teatr Xadimləri İttifaqının səhnəsində göstərilən tamaşadan öncə İttifaq sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov qonaqları salamlayıb. Görkəmli dramaturqun həyat və yaradıcılıq yolundan danışandan sonra o, sözü Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, Prof. Məryəm Əlizadəyə verib. M.Əlizadə İ.Əfəndiyevin Azərbaycan dramaturgiyasındakı rolundan, səhnəyə bəxş etdiyi sənət incilərindən, Bakı Bələdiyyə Teatrının yaradıcısı, Xalq artisti Amaliya Pənahovanın İlyas müəllimin əsərlərində ifa etdiyi mükəmməl obrazlardan danışıb. Sonra söz Xalq artisti Mərahim Fərzəlibəyova verilib. O, bu iki böyük sənətkarla dostluğundan, yaradıcılıq əlaqələrindən söhbət açıb. Çıxışlardan sonra tamaşaçılar “Xan qızı” tamaşasına baxıblar. Tamaşa gurultulu alqışlarla qarşılanıb”.
Sonda tamaşanın rejissoru M.Fərzəlibəyov və Xurşidbanu Natəvan obrazının ifaçısı Ülviyyə Rza İttifaqın fəxri fərmanı ilə mükafatlandırılıblar.