BAYRAQDAR MEDİA – Güney Azərbaycanın Vərziğan bölgəsinin Üzamdil mahalının Bərazin kəndi yaxınlığında yerləşən Azərbaycanın ən böyük tarixi karvansarası tamamilə məhv olmaq üzrədir.
Bu barədə xəbəri GünAz.TV yerli mədəni fəallara istinadla yayıb.
Xəbərdə deyilir ki, “Səfəvilər dövrünün sonu və Qacar sülaləsinin əvvəllərində inşa edilmiş tikilinin qanunsuz tarixi əşya qaçaqmalçıları tərəfindən dağıdıldığı bildirilir. Karvansara 19 mart 2007-ci ildə 18912 qeydiyyat nömrəsi ilə İran milli əsərləri siyahısına salınsa da bərpasına hələ də vəsait ayrılmır”.
Məsələ ilə bağlı mədəni fəallar dəfələrlə dövlət qurumlarına məktubla müraciət etsələr də nəticəsiz qalıb.
Vurğulanıb ki, “Güney Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən Təbrizdə onlarla tarixi abidə yox olmaq üzrədir”.
Qeyd edək ki, İranın Mədəni İrs, Turizm və Əl İşləri Nazirliyinin yerli bölmələri tarixi abidələrin bərpası və qorunması üçün mərkəzdən yetərli büdcənin ayrılmadığını deyir.