BAYRAQDAR MEDİA – Tehranın Evin zindanında saxlanılan fəhlə hərəkatı fəalı, Güney Azərbaycan əyalətinin Şəbüstər şəhərindən olan Rza Şəhabinin durumu ağırlaşsa da müalicəsinə icazə verilmir.
Bu barədə xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərdə deyilir ki, “həbsxana rəhbərliyi həkimlərin Rza Şəhabinin zindandan kənar xəstəxanada təcili əməliyyat edilməsinə dair arayış və tövsiyələrinə məhəl qoymur”.
Məlumata görə, Rza 2022-ci ilin may ayında “dövlət quruluşuna qarşı təbliğat aparmaq” və “ökənin milli təhlükəsizliyinə xələl gətirmək üçün toplaşmaq və əlbir olmaq”da ittiham edilərək 6 il azadlıqdan məhrum edilib.
Vurğulanıb ki, “Rza Şəhabi daha öncə dinc fəaliyyətlərinə görə 6 il məhkumluq həyatı yaşayıb. Həbs edildiyi zaman həbsxana nəzarətçiləri tərəfindən döyüldüyünə görə fəqərə sütunu və boyun nahiyəsindən ağır xəsarət alıb”.