BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə qardaş Türkiyənin İstanbul Universitetinin kitabxanası arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün onlayn görüş keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “görüşdə MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynov və kitabxananın rəhbər heyəti, qarşı tərəfdən isə İstanbul Universiteti kitabxanasının təmsilçiləri İnformasiya və sənəd dövriyyəsi şöbəsinin əməkdaşı Selçuk Aydın, elektron mənbələr üzrə kitabxanaçı Cihan Kalın iştirak ediblər. MEK-in direktoru mədəniyyətin Azərbaycan və Türkiyəni birləşdirən ortaq dəyərlər sırasında olduğunu diqqətə çatdıraraq qardaş ölkə kitabxanaları ilə əməkdaşlığın önəmini vurğulayıb. Direktor türkdilli ədəbiyyatların, elm adamlarının nəşrlərinin MEK-in fondlarına xüsusi zənginlik gətirdiyini bildirib, digər ölkələrlə yanaşı, Türkiyənin diplomatik nümayəndələri tərəfindən MEK-ə hədiyyə edilən nəşrlər əsasında yaradılan Diplomatik fond haqqında ətraflı məlumat verib. Onlayn görüş zamanı MEK-in direktoru rəhbərlik etdiyi kitabxanada tarixi şəxsiyyətlərlə mütəmadi görüşlərin keçirildiyini, son günlərdə Bakıya səfəri çərçivəsində Nobel mükafatı laureatı Aziz Sancarın MEK-lə tanışlığını da xüsusi vurğulayıb. Türkiyə təmsilçiləri S.Aydın və C.Kalın MEK ilə yaradılan əməkdaşlığı kitabxana əlaqələrinin inkişafı istiqamətində gərəkli addım kimi dəyərləndiriblər”.
Qarşılıqlı müzakirə şəraitində keçən görüşdə MEK-in kitabxana işləri üzrə direktor müavini, Dos. Şəhla Tahirqızı nadir kitabların elektronlaşması, elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev əməkdaşların təcrübə mübadiləsi, elmi katib Şəbnəm Rüstəmova kitabxanalarda istifadə edilən proqramlar haqqında fikirlərini bölüşüblər, beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Mübariz Göyüşlü isə, yaxın zamanda iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalamağın perspektivlərinə toxunub. Onlayn görüş zamanı, həmçinin Türkiyənin proqram təminatı, rəqəmsal kitab sahəsində qazandığı nailiyyətlərin MEK-də tətbiqi, birgə layihələrin hazırlanması və həyata keçirilməsi yönündə də müzakirələr aparılıb.