BAYRAQDAR MEDİA – Teatr Xadimləri İttifaqında yazıçı, dramaturq Əli Əmirlinin eyniadlı pyesi (iki hissəli epataj komediya) əsasında hazırlanan “Kişi və qadın” tamaşasının məşqlərinə başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İttifaqdan daxil olub.
Xəbərdə bildirilir ki, “premyerası iyun ayının sonlarına nəzərdə tutulan səhnə əsərinin quruluşçu rejissoru Məhəmməd Verdizadə, bəstəkarı Gülnar Əlfiqızı, səhnə tərtibatçısı Zaur Abbasovdur. Tamaşada aktyorlar Rəşad Səfərov, Günel Həmidova, Vüqar Məmmədəliyev, Əzizə Həşimova, Rəbillə Ələkbərzadə iştirak edir. Tamaşa çağdaş dövrdə yaşayan kişi və qadın münasibətlərindən, ailədaxili ziddiyyətlərin fonunda yaranan komik, həm də sürreal situasiyalardan bəhs edir. Həyat yoldaşı Emmanı itirən Cəmil onu başqa qadınlarda axtarmağa başlayır. Bu axtarışlar isə qəhrəmanı komik, anlaşılmaz vəziyyətlərlə üz-üzə qoyur”.
Qeyd edək ki, İttifaqın böyük səhnəsində nümayiş olunacaq səhnə əsəri həm də tamaşada iştirak edən aktyorların benefisi hesab olunacaq.