BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, millət vəkili Sabir Rüstəmxanlı özünün sosial media hesabında İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin fitva verərək ölkədə yeni doğulan uşaqlara yalnız fars adı qoyulacağını qərarlaşdırdığını bildirib.
Məsələ ilə bağlı BAYRAQDAR MEDİA-nın sualını AMEA Sosiologiya və Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Bütöv Azərbaycan Ocaqları sədrinin müavini Faiq Ələkbərli cavablandırıb.
Faiq Ələkbərli qərarı irqçiliyin, şovinizmin ən yüksək mərhələsi adlandırıb: “Bəzi hallarda Xameneyi türk dilində danışır, şeirlərində Anadolu türkcəsindən istifadə edənləri Azərbaycan türkcəsində danışmağa dəvət edir. Onun belə bir fitva verməsi anlaşılan deyil. Əgər doğrudan da belə bir fitva veribsə, qəbuledilməz məsələdir. Bundan əvvəl də türk adlarının verilməsi ciddi problem idi. İndi isə bundan sonra yalnız fars adların veriləcəyi mübahisəli məsələdir. Belə olan halda ərəb adlarından da imtina etmələri çox da inandırıcı görünmür. İran həmişə ikili, üçlü siyasi oyunlar oynayıb. Azərbaycan da, Türkiyə də buna hazırlıqlıdır. İran rejiminin mahiyyəti bəlli olduğu üçün onlardan hər cür addım gözlənilir. Birmənalı şəkildə ancaq fars adlarından istifadə özünü “islam dövləti” adlandıran ölkənin sonunu gətirə bilər”.