Son yeniləmə: 4 İyun 2024 12:32
BAYRAQDAR MEDİA – Fransanın Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən Vergitutma Bazasının Aşınması və Mənfəətin Köçürülməsi (BEPS) üzrə İnklüziv Çərçivənin 16-cı iclası keçirilib. Ümumilikdə 140 ölkəni təmsil edən 400-dən çox nümayəndənin qatıldığı tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 4-də Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “səfər ölkəmizdə BEPS üzrə görülmüş işlərin İƏİT-nin və üzv ölkələrin diqqətinə çatdırılması, habelə beynəlxalq vergitutma sahəsində yeni tendensiyaların, o cümlədən “İkipilləli həll” qaydaları üzrə vergitutma, “Qlobal minimum vergi”nin tətbiqi, rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi, transfer qiymətlərinin tətbiqi ilə bağlı sadələşdirilmiş yanaşma, “Saziş əsaslı qaydalar”la əlaqədar Çoxtərəfli Konvensiyanın araşdırılması və ölkə mövqeyinin formalaşdırılması baxımından mühüm əhəmiyyətə malikdir”.
Məlumatda daha sonra deyilir: “Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) icraçı katibi Aliks Perrinyon, İƏİT-nin Vergi Siyasəti və İnzibati Mərkəzinin direktoru Manal Korvin, Vergi Siyasəti və İnzibati Mərkəz üzrə Vergi siyasəti və statistika şöbəsinin rəhbəri Kurt Van Dender, BEPS-in Koordinasiya bölməsinin rəhbəri Endryu Auerbax, Vergi və ətraf mühit bölməsinin rəhbəri Assia Elgouacem, Vergi siyasəti və statistika şöbəsinin iqtisadçısı Anasuya Rac, Qlobal əlaqələr və inkişaf bölməsinin baş vergi məsləhətçisi Tomas Balko və vergi məsləhətçisi Laura Stefanelli ilə görüşləri keçirilib. Görüşlər zamanı İƏİT ilə əməkdaşlığın genişləndirilməsi, o cümlədən Vergi Administrasiyaları Forumuna üzvlük və gələcək layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq imkanları müzakirə olunub. Həmçinin BEPS 2.0 layihəsi üzrə iqtisadi qiymətləndirmə, vergi siyasəti islahatları, vergi əxlaqı, qeyri-rezident e-ticarət iştirakçılarının ƏDV qeydiyyatı, vergi cinayətləri, vergi administrasiyalarının rəqəmsal transformasiyası ilə bağlı gələcək birgə layihələrin istiqamətləri diqqət mərkəzində olub”.
Məlumata görə görüşlər zamanı xüsusi diqqət ayrılan məsələlərdən biri də İƏİT ilə karbon vergisi üzrə potensial əməkdaşlığın istiqamətləri və Azərbaycanın “Karbonun Azaldılması üzrə İnklüziv Forum” platformasına üzvlüyünün nəzərdən keçirilməsi olub: “Bu baxımdan, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü ilin noyabr ayında keçirilməsi planlaşdırılan 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi etməsi barədə məlumat verilib. Ekspertlərlə keçirilmiş görüşlərdə karbon emissiyasının qiymətləndirilməsi üzrə İƏİT-nin mövcud alət və platformalarından istifadə olunması məsələsi vurğulanıb”.