Son yeniləmə: 4 İyun 2024 09:20
BAYRAQDAR MEDİA – Bakı Enerji Həftəsi çərçivəsində energetika naziri Pərviz Şahbazovla Azərbaycanda səfərdə olan Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.
Bu barədə BAYARQDAR MEDİA-ya iyunun 4-də Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə Azərbaycan-Türkiyə qardaşlığı və strateji müttəfqliyinin enerji əməkdaşlığını möhkəmləndirən töhfələrindən məmnunluq ifadə edilib. Hər iki ölkə liderlərinin Azərbaycan-Türkiyə enerji əməkdaşlığına böyük önəm verdiyi qeyd olunub. Neft-qaz sahəsində birgə həyata keçirilən enerji layihələrinin region və Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatındakı rolundan bəhs edilib. Çoxşaxəli enerji tərəfdaşlığının yeni mərhələdə inkişafını təmin edəntəbii qaz və “yaşıl enerji” sahələrindəki prioritetlər və gündəlikdə olan layihələr nəzərdən keçirilib”.
Məlumata görə görüşdə qeyd edilib ki, İğdır-Naxçıvan qaz kəmərinin inşası tezliklə yekunlaşacaq və ilin sonunadək Naxçıvan Türkiyə üzərindən qazla təchiz olunacaq: “Hazırda Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində çoxşaxəli əməkdaşlıq gündəliyinin olduğu, müvafiq Hökumətlərarası Sazişlə Azərbaycandan və üçüncü ölkələrdən Türkiyə və Avropaya qaz tədarükünə imkanlar yarandığı vurğulanıb”.
Məlumatda daha sonra deyilir: “Görüşdə, həmçinin Azərbaycanda bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində əməkdaşlığın, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsi üzrə “Yol Xəritəsi”nin cari vəziyyəti nəzərdən keçirilib. Naxçıvandan keçməklə Türkiyəyə və Avropaya elektrik enerjisinin ixracı məsələləri ilə bağlı fəaliyyət göstərən İşçi qrupu tərəfindən Texniki Tapşırıq layihəsinin tezliklə yekunlaşdırılmasının, tərəflər arasında müvafiq Əməliyyat Sazişinin imzalanmasının, və layihənin texniki-iqtisadi əsaslandırmasına başlanması üçün məsləhətçi şirkətin seçilməsi də daxil müvafiq proseslərin sürətləndirilməsinin vacibliyi qeyd olunub. Bu istiqamətdə növbəti addımlar müəyyənləşdirilib”.
Söhbət zamanı bu il Azərbaycan-Türkiyə 4-cü Enerji Forumunun keçirilməsinə də toxunulub və bu formatda davamlı tədbirlərin enerji sahəsində əməkdaşlığın ayrı-ayrı istiqamətlərdə inkişafına töhfə verəcəyi bildirilib.