BAYRAQDAR MEDİA – Son aylarda qardaş Türkiyədə SOCAR-ı hədəfə alan qruplar Azərbaycana qarşı apardıqları etiraz kampaniyasının ardından bir neçə gün öncə şirkətin İstanbuldakı ofisinə hücum edib.
Bu barədə xəbəri Güney Azərbaycan Demokratik Türk Birliyi yayıb.
Xəbərdə deyilir ki, “bu hücumun Türkiyədə kök salmış və İranın dəstəklədiyi qruplaşmalar tərəfindən təşkil edildiyi məlum olub. Həmin qruplaşmalar aylardır ki, sosial şəbəkələrin Türkiyə seqmentində “SOCAR-ın İsrailə neft satdığını” iddia edərək Azərbaycana qarşı kampaniya aparırlar”.
Bildirilib ki, “dünya neft bazarında bütün şirkətlər mallarını treyder şirkətlərə satırlar. Treyderlərin nefti kimə satdığına isə şirkətlər nəzarət edə bilmir. Ona görə də SOCAR İsrailə neft sata bilməz. Bu informasiya manipulyasiyasında məqsəd SOCAR-ı hədəf göstərməklə bütövlükdə Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq, Türkiyə ictimai rəyində Azərbaycanın nüfuzuna zərər vurmaqdır”.