Son yeniləmə: 3 İyun 2024 11:04
BAYRAQDAR MEDİA – Qardaş Qırğızıstan son illər özünün yeni inkişaf mərhələsi ilə diqqət çəkir. Ölkədə bəzi sahələrdə olan hərc-mərclik aradan qaldırılıb, inkişafa yönəlik konkret addımlar atılır. Özəlliklə də zərərli xarici təsirlər böyük ölçüdə neytrallaşdırılıb. Eyni zamanda Türk Dövlətləri Təşkilatı çərçivəsində də Qırğızıstan daha fəal təsir bağışlayır. Əlbəttə, belə bir şəraitdə ölkədə mədəni səviyyənin yüksəldilməsi, vətəndaş maarifləndirilməsinin gücləndirilməsi də vacibdir. O baxımdan 2024-cü ildən gerçəkləşdirilən “Mədəni Qırğızıstan” adlı təşəbbüs diqqətimizi çəkməyə bilməzdi.
Təşəbbüsün müəllifi Qırğızıstan və Rusiyanın Əməkdar incəsənət xadimi, “Assol” Xeyriyyə Fondunun prezidenti, psixoloq, Çingiz Aytmatov adına İssık Kul Forumunun baş katibi və həm də BAYRADAR MEDİA-nın yaxın dostu Assol Moldokmatovadır.
Təşəbbüs diqqətimizi çəkdiyi üçün biz Assol xanımdan oxucularımızı bilgiləndirməsini xahiş etdik. Qırğızıstan xalqına sözün həqiqi mənasında davamlı və əvəzsiz xidmətlər göstərən müsahibimizdən “Mədəni Qırğızıstan” layihəsinin necə meydana gəlməsi haqqında danışmasını istədik.
-Günümüzdə yalnız sözlər deyil, əməllər, konkret addımlar vacibdir. Defolt – inflyasiya dövrü ardınca geri dönüşü olmayan prosesləri də gətirdi. Bu proseslər itirilmiş nəsillər şəklində özünü göstərdi. Həm də məcburi köçkünlük, atılmış – sevilməyən uşaqlar, mənəvi aşınma və çaşqınlıq, bütün bunların nəticəsi olaraq mədəniyyətin yoxluğu və mənəvi boşluq müşahidə edildi. Mən həmişə ailə institutundan yanayam. Önəmli mənəvi dəyərlərin qorunması üçün çalışıram. Özü də bunları sadəcə sözdə istəmirəm, həm də illərdir bu yöndə çalışıram. On illərdir ki, geniş auditoriya toplayıb uşaqlara fikirlərimi çatdırıram. Bu ilin əvvəlindən isə strateji məqsədli “Mədəni Qırğızıstan” layihəsinə başlamışam. Layihə çərçivəsində ölkə üzrə 250 səfər və mühazirə nəzərdə tutulub.
Biz layihənin məqsədini daha ayrıntılı şəkildə izah etməsini istəyirik və Assol xanım buna da həvəslə aydınlıq gətirir:
-Bu layihəni yetişməkdə olan nəslin – xalqın faydası üçün icra edirəm. İstəyirəm ki, uşaqlar həyat yolunun ilk başlanğıcında gərəkli həvəsləndirməni və yol göstərməni ala bilsinlər. Arzum budur ki, uşaqlar çoxlu oxusunlar, öz güclərinə və biliklərinə inansınlar. Eyni zamanda mədəniyyət və etiket normalarını mənimsəsinlər. Sivil və sağlam cəmiyyətin əsasları da elə bunun üzərində qurulur. Arzu edirəm ki, Qırğızıstan dünyada ən çox kitab oxunan ölkəyə çevrilsin. Qoy bu ölkənin uşaqları ən azı 5 xarici dil bilsinlər. Qırğız xalqının tarixini, ənənələrini öyrənsinlər. Bunun üçün də hər gün “Manas” dastanından hissələri oxuyub təqdim edirəm.
Maraqlıdır, belə böyük həcmli layihələr hansı mənbələr hesabına maliyyələşir? Bu sualımıza da Assol xanım cavab verir:
-Ölkə daxilindəki layihələri və bir çox işləri özüm maliyyələşdirirəm. Mənim məqsədim aysberqi yerindən tərpətməkdir. İnanıram ki, aydınlanma dövrü gələcək və bütün xalq vazkeçilməz mənəvi dəyərlərə üz tutacaq. Yeni nəslin formalaşacağına inanıram və bunun üçün böyük işlər görməyə iddialıyam.
-Elə isə xəyallarınızı necə ifadə edərdiniz?
-Arzu edirəm ki, ölkəmizdə böyük yazıçı Çingiz Aytmatov, Qırğızıstanın Xalq artisti Süymenkul Çokmorov, Bübüsara Beyşenaliyeva kimi böyük şəxsiyyətlər yetişsin. Həm də istəyirəm ki, daha bir Assol peyda olsun. Bu Assol da heç bir təmənnasız ölkə və xalq üçün ürəkdən çalışsın. Özü də xüsusi bir məhəbbətlə. Mən öz xalqımı çox sevirəm. Ona görə də ömrümün 25 ilini Qırğızıstanın kimsəsizlərinə və uşaqlara həsr etmişəm.
Bəli, Assol xanım qardaş Qırğızıstanın özəlliklə də yetişməkdə olan nəslinin dəyərli vətəndaş, tam yetişkin insanlar kimi böyüməsinə töhfə verməyə çalışır. Şəxsi müşahidələrimə əsaslanıb deyirəm ki, o, bunu yaxşı bacarır və nəticələr də ürəkaçandır.
Nə deyirik? Əlbəttə, Assol xanıma işlərində uğurlar diləyirik. Eyni zamanda arzu edirik ki, Azərbaycanda da bənzər layihələri şəxsi təşəbbüsü ilə icra edəcək ictimai fəallar meydana çıxsın. Heç kimdən və heç yerdən dəstək gözləmədən, şəxsi imkanları hesabına ölkəni gəzib-dolaşan, insanlara faydalı olmağı bacaran belə örnəklər hər bir millətin formalaşmasına, irəli getməsinə əvəzsiz töhfədir.