Press "Enter" to skip to content

Pediatr uşaqlarda hərarət haqqında danışıb

Aynur Adıgözəl

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova uşaqlarda hərarətin yüksəlməsi haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “A.Adıgözəlova qeyd edib ki, uşaqlarda hərarətin yüksəlməsi zaman ilk olaraq uşağın ümumi vəziyyətini, yəni aktivlik dərəcəsini, dəri örtüyünün rəngini və iştahasını dəyərləndirmək lazımdır: “Əgər uşaqda baş, boğaz, qulaq və qarın nahiyələrində müşahidə olunan ağrıları, sutkada 5 dəfədən artıq davam edən qusma kimi hallar olarsa, subfebril (37.5⁰C) qızdırmada belə pediatra müraciət etmək tövsiyə olunur. Digər tərəfdən, əgər 3 aydan kiçik uşaqda 38.0⁰C temperatur varsa və temperatur aşağı düşmürsə, yaxud sidik ifrazının azalması və dəri örtüyünün solğunlaşması kimi vəziyyətlər meydana gəlirsə, bu halda da həkim nəzarəti mütləq vacibdir””.

Pediatr hər yaş qrupu üçün temperatur əleyhinə preparatlar haqqında da danışıb: “Qeyd edim ki, hər yaş qrupunun özünəməxsus dərman preparatları mövcuddur. Uşaqlara dərman təyinatı hər çəkiyə və yaşa uyğun hesablanır. Bu zaman xəstəliyin gedişatı və əks göstərişləri də nəzərə alınır. Digər tərəfdən, temperatura təsir edən əsas səbəbi aradan qaldırmaq lazımdır. Günvurma, bədənin isinməsi hallarında bədəni normal temperatur mühitinə qaytarmaq, bədəni soyutmaq lazımdır. Xroniki iltihab ocaqları varsa, mütləq sanasiya olunmalıdır. Həmçinin, stomatoloq, LOR və cərrahın konsultasiyası tövsiyə olunur”.

“Hansı hallarda və hansı temperaturu salmaq lazımdır?” sualına isə A.Adıgözəlova belə cavab verib: “Termometrin göstəricisindən asılı olmayaraq, əgər uşaq özünü pis hiss edərsə, uşaqda qazanılan, ya da anadangəlmə hər hansı xroniki xəstəliyi olarsa, keçmişdə uşaqda qıcolma qeyd olunmuşdursa, hərarəti salmaq tövsiyə olunur. Əgər uşaq özünü yaxşı hiss edir və onda heç bir narahatlıq yoxdursa, iştahası normaldırsa və temperaturu 38.0⁰ C yuxarı qalxmırsa, bu zaman qızdırmanı salmağa ehtiyac yoxdur”.

Həmçinin o bildirib ki, temperatur 38.0⁰ C-dən yuxarı yüksəldiyi təqdirdə immun sistemi aktivləşir, immunitet sistemi tərəfindən orqanizmdə bioloji aktiv maddələrin kütləvi istehsalı 38,5 və ya daha yüksək olduqda başlayır.

Mission News Theme by Compete Themes.