BAYRAQDAR MEDİA – Mayın 31-i, iyunun 1-2-si müstəqil M.Teatrın (Mənim Teatrım) səhnəsində məşhur İrland yazıçısı Etel Lilian Voyniçin geniş oxucu kütləsi tərəfindən sevilən “Ovod” əsəri əsasında hazırlanmış eyniadlı tamaşanın premyerası keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “yeni hazırlanan tamaşanın səhnələşdirəni və quruluşçu rejissoru Xalq Artisti Vidadi Həsənov, bəstəkarı Əli Cəfərzadə, səs rejissoru Fəyyaz Ələkbərov, geyim üzrə rəssamı Oksana Rəsulova, işıq rəssamı Yusif Adıgözəlov, dərzisi Məhin Quluzadədir. Səhnə əsərində rolları V.Həsənov, Əməkdar artist İlqar Cahangir, aktyorlar Ziya Ağa, O.Rəsulova, Tural Rzayev, Şamil İbrahimov, Cavid Baba və Ramiz Qəmbər rol alıblar”.
Bildirək ki, “Ovod” əsəri 1897-ci ildə ABŞ-da çap olunub. Əsər Gənclər Hərəkatının üzvü olan Artur Berton adlı qəhrəmanın, əsasən, atası kardinal Montanelli və dostu Cemmayla münasibətləri ətrafında olan faciəvi hadisələri əks etdirir.
Qeyd edək ki, tamaşanın növbəti premyerası 7-8 iyun saat 19:00-da keçiriləcək.