Son yeniləmə: 3 İyun 2024 09:36
Türkiyə Azərbaycanlı Tələbələr Birliyinin yaradılması istiqamətində mühüm görüş
BAYRAQDAR MEDİA – Bəlli olduğu kimi qardaş Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin müxtəlif birlik və icmaları var. Bu birliklər arasında koordiasiyanın olmaması, yaxud da zəif olmaıs isə bəzən ümumi məsələlərdə vahid mövqedən çıxış etmək işini ləngidirdi. Lakin bundan sonra həmin problem aradan qalxacaq.
Çünki Manisada Türkiyə Azərbaycanlı Tələbələr Birliyinin yaradılması istiqamətində mühüm görüş keçirilib və ilkin razılıq əldə edilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya özəl olaraq Manisa Azerbaycan Kültür ve Dayanışma Dərnəyinin başqanı Şentürk Hoşgül məlumat verilib.
Bildirilib ki, “Türkiyədə fəaliyyət göstərən azərbaycanlı tələbələrin birlik və icmalarını bir çətir altında toplamaq, vahid bir mərkəz yaratmaq məqsədi daşıyan işin ilk addımı şahzadələr şəhəri Manisada atılıb”.
Məlumata görə Manisanın Yunus Emre Bələdiyyəsinin ev sahibliyi etdiyi yığıncaq Yunus Emre Mədəniyyət Parkında keçirilib: “Manisa Azerbaycan Kültür ve Dayanışma Dərnəyinin və Manisa Azərbaycanlı Tələbələr Topluluğunun təşəbbüsü ilə keçirilən toplantıda müxtəlif şəhərlərin universitetlərində fəaliyyət göstərən azərbaycanlı tələbə birlik və icmalarının nümayəndələri iştirak ediblər. Görüşdə Türkiyə Azərbaycanlı Tələbələr Birliyinin Əsasnamə və Bəyannamənin mətni yekdilliklə qəbul edilərək imzalanıb”.
Mərasimdə həm də Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası adından çıxış edən Şentürk Hoşgül qeyd edib ki, “Birliklərimiz və tələbə icmalarımız il ərzində müxtəlif araşdırmalar, layihələr və tədbirlər keçirirlər. Əsas məqsədimiz müvafiq qanunlar, qaydalar və nizamnamələr çərçivəsində mədəniyyətimizi yaşatmaq və qorumaq üçün keçiriləcək tədbirlərdə ümumi məsləhətləşmə mədəniyyətini yaratmaqdır. Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Mustafa Kemal Atatürkün sözləri ilə desək eyni sevinci və kədəri yaşayan iki qardaş ölkə gəncləri arasında bağın möhkəmlənməsinə töhfə vermək və bu çərçivədə işlərdə bütövlüyü təmin etmək üçün bu addımın atılmasını vacib sayırıq”.
Manisa Azərbaycanlı Tələbələr Cəmiyyəti adından çıxış edən nümayəndə Fatih Solmaz deyib: “Məqsədimiz Üummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı əsasında birlik yaratmaq və ümumi məqsədə doğru birgə çalışmaq, Türkiyədə təhsil alan tələbələrimizlə tanış olmaq, birgə işləmək, sosial və mədəni fəaliyyətlərə töhfə verməkdir”.
Manisa Jurnalistlər və Nəşriyyatçılar Dərnəyinin başqanı İsmail Aydının da müşahidəçi qismində iştirak etdiyi mırasim təsisçi idarə heyətinin formalaşdırılması ilə başa çatıb.