Son yeniləmə: 3 İyun 2024 09:44
Prof. Dr. Asım Vehbi: Əsas hədəfimiz “3 dövlət bir millət” ruhuna layiq gənclərin yetişdirilməsinə dəstək olmaqdır
BAYRAQDAR MEDİA – “Bizim əsas hədəfimiz “3 dövlət bir millət” ruhuna layiq gənclərin yetişdirilməsinə dəstək olmaqdır”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-nin Arkın Universitetinin rektoru, Prof. Dr. Asım Vehbi deyib.
Rektor qeyd edib ki, bu məqsədlə də Azərbaycana müntəzəm olaraq səfərlər edir: “Bu mənim qardaş Azərbaycana 2024-cü ildə sayca üçüncü səfərimdir. Bundan öncəki səfərlər kimi bu səfərin də uğurlu olacağına əminəm. Çünki məqsədimiz iki qardaş ölkənin bir-birinə daha da dərindən bağlanmasına yardım etməkdir. Təbii ki, bu məsələdə də əsas amillərdən biri təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsidir”.
Prof. Dr. Asım Vehbi bildirib ki, mayın 30-da Bakıda keçirilən KKTC universitetlər tanıtım fuarı mühüm əhəmiyyət kəsb edir: “Biz Azərbaycandan daha çox gəncin KKTC universitetlərində, o cümlədən Arkın Universitetində təhsil almasını arzulayırıq. Buna görə bu bu sərgiyə xüsusi əhəmiyyət veririrk. Zatən sərgiyə azərbaycanlı məktəblilərin böyük marağını da müşahidə etdik. Ümid edirəm ki, yaxın gələcəkdə daha çox azərbaycanlı gənc KKTC-də ali təhsil almağa qərar verəcək”.
Rektor rəhbərlik etdiyi universitetin azərbaycanlı gənclərin daha çox təhsil alması üçün çeşidli addımlar atdığını, burslar verdiyini də vurğulayıb.
Açıqlama zamanı, həmçinin Arkın Universiteti ilə Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti arasında ortaq ortaq proqramın reallaşdırıldığı qeyd edilib: “Azərbaycanlı müəllimlər bizim universitetdə dərs deyir. Bir müddət əvvəl isə iki universitet arasında ikili diplom barədə razılıq imzalanıb. Təbii ki, Azərbaycanın digər universitetləri ilə də əməkdalığı dərinləşdirmək niyyətindəyik”.
Bakıya səfəri zamanı KKTC milli təhsil naziri Nazım Çavuşoğlu ilə birlikdə Milli Məclisin elm və təhsil komitəsində görüşdə iştirak etdiklərini, həmçinin azərbaycanlı rektorlarla görüşdüklərini deyən qonaq daha sonra bunları əlavə edib: “ Bizə göstərilən yüksək diqqət və qayğıya görə azərbaycanlı qardaşlarımıza minnətdarlıq edirəm. Eyni zamanda, bir daha fürsətdən istifadə edib azərbaycanlı gəncləri Arkın Universitetindən ali təhsil almağa dəvət edirik. Azərbaycanlı gənclərə “Sizi KKTC-də gözəl təhsil mühiti gözləyir” deyirəm”.