Son yeniləmə: 3 İyun 2024 10:35
BAYRAQDAR MEDİA – Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyanın 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə BAYARQDAR MEDİA-ya iyunun 3-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, “yubiley tədbirində Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini, millət vəkili Sevinc Fətəliyeva, Səbail Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Kəmalə Həşimova, elm və mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb”.
Məlumata görə, tədbir iştirakçılarını salamlayan 160 nömrəli Klassik Gimnaziyanın ictimai məsləhətçisi Faina Ələkbərova əsası ötən əsrin əvvəllərində qoyulan təhsil ocağının tarixi, keçdiyi inkişaf yolu, əldə etdiyi uğurlardan söz açıb: “MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova zəngin tarixi, pedaqoji ənənələri ilə fərqlənən, təhsilimizə layiqli töhfələr verən 80 yaşlı tədris ocağının kollektivini yubiley münasibətilə təbrik edib, hər kəsə uğurlar, təhsil nailiyyətləri arzulayıb. N.Hüseynova milli ənənələrə və bəşəri dəyərlərə uyğun təhsil vermək, tolerant, hərtərəfli inkişaf etmiş Azərbaycan vətəndaşını formalaşdırmaq kimi mühüm vəzifələri qarşısına məqsəd qoyan gimnaziyanın gənc nəslin təlim-tərbiyəsinə verdiyi töhfələrdən danışıb”.
Məlumatda deyilir ki, millət vəkili Sevinc Fətəliyeva, Səbail RİH başçısının müavini Kəmalə Həşimova və gimnaziyanın müxtəlif sahələrdə çalışan məzunları çıxış edərək özünəməxsus ənənələri, təhsildə və təlimdə əldə etdiyi nailiyyətlərlə seçilən təhsil ocağı barədə danışıblar: “Məzunlar bu gün həyatda tutduqları mövqeyə, qazandıqları nailiyyətlərə görə doğma məktəblərinə, sevimli müəllimlərinə borclu olduqlarını bildirib, məktəblə bağlı unudulmaz xatirələrini bölüşüblər. Sonda məktəbin 80 illik tarixindən bəhs edən videoçarx təqdim olunub, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib”.