BAYRAQDAR MEDİA – Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan qardaş Türkiyə Silahlı Qüvvələri Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.
Xəbərdə deyilir ki, “müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Cari ilin 29-30 may tarixlərində Türkiyənin milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən Z.Həsənov Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təliminin təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib”.
İ.Günaydın öz növbəsində Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Məlumata görə, İsmayıl Günaydın Zakir Həsənovla görüşdən sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.
Bildirilib ki, “görüş Azərbaycan Ordusunun Baş Qərargahında keçirilib. Ölkələr arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb”.