Son yeniləmə: 31 May 2024 11:53
Fikrət Əliyev: Proqramın mərkəzində dayanan məqsəd uşaqlara etimad göstərmək, onlara kollektiv idarəçilik hisslərini aşılamaqdır
BAYRAQDAR MEDİA – “Məlumdur ki, Azərbaycanda uşaqların müdafiəsi, onların daha sağlam böyüməsi və gələcəyinin daha təminatlı olması üçün davamlı addımlar atılır. Bunun təməlində də Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət dayanır. Məhz bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsində Azərbaycan uşaqlara diqqət və qayğı sahəsində də əksər ölkələr üçün nümunə təşkil edir”.
Bunu BAYRAQDAR MEDİA-ya açıqlamasında Unity Company şirkətinin təsisçisi Fikrət Əliyev deyib.
O, qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir: “Gələcəyimizin daha sağlam və yetişkin olması üçün isə dövlətlə yanaşı özəl şirkətlər, ictimai təşkilatlar, o cümlədən ayrı-ayrı fərdlər də bu məsələdə xüsusi fəallıq göstərməlidir. Təsisçisi olduğum Unity Company şirkəti də fəaliyyətində bu məqamı hər zaman diqqət mərkəzində saxlayır. Biz uşaqlarla bağlı müxtəlif sosial layihələrin reallaşmasında yaxından iştirak edirik”.
F.Əliyev bildirib ki, “Unity Company”nin uşaqlarla bağlı özəl bir proqramı da var: “Bizim proqramın mərkəzində dayanan başlıca amil uşaqlara etimad göstərmək, onlara gələcəyin idarəçiləri olmağın məsuliyyətini çatdırmaqdır. Bu məqsədlə də şirkətimizin çaslışanlarının uşaqlarını mütəmadi olaraq şirkətə dəvət edirik. Onlar tam bir iş gününü bizimlə olurlar. Daha dəqiq desək həmin gün sırf uşaqların ixtiyarına verilir”.
Qeyd edilib ki, şirkətdəki bəlli vəzifələr həmin gün uşaqlara həvalə edilir: “Hər bir uşaq bir vəzifənin daşıyıcısı kimi həmin iş gününü idarə edir. İclas keçirilir, planlar tutulur, həmçinin uşaqlar üçün bəlli bir saat əyləncə üçün ayrılır. Sonda isə biz uşaqları bir yerə toplayıb onlarla iclas keçiririk. Burada da məqsəd uşaqlara kollektiv idarəçilik hisslərini aşılamaqdır”.
F.Əliyev əlavə edib ki, sonda da uşaqlar öz təklif və fikirlərini yazılı surətdə şirkət rəhbərliyinə təqdim edirlər: “Bu təklif və fikirlər isə bizə gələcək işimizdə və həyatımızda yardımçı olur. Biz atdığımız hər addımda həm də uşaqların baxışlarını, fikirlərini nəzərə alırıq”.
F.Əliyevin sözlərinə görə uşaqlarla növbəti belə görüş 1 İyun – Uşalqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində olub: “Bu görüş də həyatımızın maraqlı anları kimi xatirimizdə əbədi qalacaq. Əminəm ki, uşaqlar da onlara yaratdığımız şəraitdən razı qaldılar”.