Press "Enter" to skip to content

Üçüncü Dünya müharibəsi Çin-ABŞ toqquşması ilə başlayacaq

Dr. Yücel Karauz

Son yeniləmə: 31 May 2024 10:33

Dr. Yücel Karauz: İki ölkə arasında hərbi toqquşma qaçılmazıdr ki, bu da Üçüncü Dünya müharibəsinin başlanması demək olacaq

BAYRAQDAR MEDİA – “Bəşəriyyət Üçüncü Dünya müharibəsinə hazırlaşır. Şübhəsiz ki, Üçüncü Dünya müharibəsi Birləşmiş Ştatlarla Çin arasında başlayacaq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Son vaxtlar dünyanın müxtəlif nöqtələrində baş verən gərginliklər, hərbi toqquşmalar fonunda daha da gərgin fazaya qədəm qoyan Çin-Tayvan münasibətlərinə toxunan türkiyəli general deyib: “Əslində bu, Çinlə Tayvan arasında deyil, Çinlə ABŞ arasındakı gərginliyin kulminasiya nöqtəsinə çatması deməkdir. İki ölkə arasında təkcə hərbi deyil, həm də iqtisadi və siyasi sahədə də rəqabət gedir. Hazırda ABŞ dünyada müdafiə sənayesinə ən çox maliyyə ayıran ölkədir. ABŞ hər il bu sahəyə 1 trilyon dollar ayırır. İkinci yerdə gələn Çin isə ildə bu sahəyə 250 milyard dollar sərf edir”.

Dr. Y.Karauz deyib ki, Çinlə Birləşmiş Ştatların rəqabət apardığı digər bir sahə iqtisadi sahədir: “Bu gün Çin və ABŞ dünyada iqtisadi imkanlara malik olan iki nəhəng ölkədir. ABŞ hazırda Çinin Afrikadan Avropaya qədər uzanan iqtisadi nəhəng olma özəlliyindən ciddi narahatdır. Vaşinqton Çinin iqtisadi təsirlərini azaltmaq, iqtisadi maraqlarına zərbə vurmaq üçün konkret hərəkətə keçib. Yəni Birləşmiş Ştatların Çinin iqtisadi qüdrətinə, belə deyək, zərbə vurmaq istəyinin arxasında iki məqam dayanır. Birinci məqam Çini geri çəkmək, onun iqtisadi imkanlarını azaltmaq, ikinci isə Çinin ABŞ-la hərbi sahədə rəqabət aparmasını önləməkdir. Çünki müdafiə sənayesinə çox pul ayrılması Çinin iqtisadi imkanları hesabına olur. Çin iqtisadi sahədə “axsasa” o zaman müdafiə sənayesinə maliyyə ayırmaları da azalacaq. Bir sözlə, ABŞ Çini bir rəqib kimi zəiflətmək, sıradan çıxarmaq istəyir”.

Bildirilib ki, Çinlə ABŞ arasında mübarizə indiyə kimi dünyanın müxtəlif yerlərində müxtəlif formada, pərdəarxası gedib: “Amma artıq Tayvanda bu açıq şəkildə ortaya qoyulub. Çinin qarşısına çıxan Tayvan deyil, məhz ABŞ-dır. ABŞ-ın Tayvanla bağlı həmlələri Çində ciddi etiraz doğurur. Çin, necə deyərlər, burnunun ucunda ABŞ-ın dayanması qəbul etmək istəmir və etməyəcək. Ona görə də iki ölkə arasında hərbi toqquşma qaçılmazıdr ki, bu da Üçüncü Dünya müharibəsinin başlanması demək olacaq”.

“Bəs bu qarşıdurma nə zaman baş verə bilər” sualına isə Dr. Y.Karauz belə cavab verib: “Bu qarşıdurmanın, bu hərbi toqquşmanın ABŞ-dakı seçkilərdən sonraya təsadüf edəcəyini düşünürəm. Yəni 2025-2016-cı ildə belə bir qarşıdurmanın olacağı qaçılmazdır və hesab edirəm ki, bu mütləq olacaq. Çünki proseslər ona gedir və tərəflərdən heç biri geriyə addım atmaq, yaxud güzəşt etmək niyyətini sərgiləmir”.

Mission News Theme by Compete Themes.